Xeyirxah insanlar illərdir ki, dam örtüyü olmayan ailəyə kömək edir (VİDEO)
45 yaşlı Azər Hüseynov Marneuli rayonunun İmir kəndində yaşayır. O, 10 ilə yaxındır ki, 4 nəfərlik ailəsi ilə birlikdə iki otaqlı tikiliyə sığınıb. İllərdir ki, tikilinin dam örtüyü yoxdur. Ailə yaşadıqları tikiliyə yağış, qar yağmasın deyə, dama çadır çəkib və illərdir bu vəziyyətdə həyatda qalmağa çalışırlar.

Azər Hüseynovun həyat yoldaşı epilepsiya xəstəliyindən əziyyət çəkir. Ailənin maddi vəziyyəti aşağı olduğundan, Azər həyat yoldaşını müalicə etdirə bilmir. Onun sözlərinə görə, onların daimi gəlir yerləri yoxdur. O, dövlət tərəfindən aldığı 150 lari sosial yardımla və kəndlərdən topladığı dəmir parçalarını satmaqla dolanır.

Bir neçə gün əvvəl xeyirxah insanlar tərəfindən ailəyə köməklik edilib. İndi ailənin yaşadığı tikili təmir edilir. Tikilinin qapı-pəncərələri dəyişdirilir, dam örtüyü düzəldiləcək. Azər Hüseynov və onun ailə üzvləri evlərinin təmir olunmasına görə çox sevinir və yardım edənlərə təşəkkürünü bildirirlər.

“Allah canlarını sağ etsin. Bizim evə yağış damırdı. Kömək yox idi ki, düzəldək, indi kömək etdilər, bizi bu vəziyyətdən qurtardılar. Bizə 150 lari yardım verirlər, amma bu yetmir. İşim-gücüm yoxdur, dəmir yığıram, motosikletlə gəzirəm, göyərti satıram, keşniş satıram, birtəhər çörək pulu düzəldir və başımızı hərləyirik”, – Azər Hüseynov dedi.

Hüseynovlar ailəsinin evinin təmir edilməsində iştirak edən və yardım aksiyasını həyata keçirən İmir kənd sakini Kamran Məmmədovun sözlərinə görə, onlar bu yardım aksiyasını Ramazan ayından başladıblar. Yardım aksiyası başlayandan bu günə qədər təxminən 6 min lariyə qədər vəsait toplanıb.

“Biz evlərə yardımla bağlı kampaniyaya Ramazan ayının ortalarında start verdik. Qısa müddət ərzində yardımsevər insanların dəstəyi ilə və bir sıra yardım fondları tərəfindən olunan yardımlarla biz artıq qəzalı vəziyyətdə olan evin təmir işlərinə başlamışıq. İlkin mərhələdə yağan yağışlar evə yağdığı üçün dam örtüyü və evin içində bir sıra təmir işləri nəzərdə tutulur. Bundan əlavə bizim yardımlarımız hələ də davam edir. Yardımlar olunur və bu vəziyyətdə olan evlər var ki, onların da bir sıra təmir işlərinə ehtiyac var”, – Kamran Məmmədov dedi.

Kamran Məmmədovun sözlərinə görə, onlar ilk olaraq başqa ailəyə yardım etmək məqsədi ilə aksiyaya başlayıblar. Həmin ailənin də evə ehtiyacı olub. İndi həmin ailəyə yeni evin inşası üçün yardım edəcək xeyirxah insanlar var.

“Həmin ailə müvəqqəti olaraq İmir kəndində yaşayır. Həmin ərazidə yeni evin tikilməsi üçün şərait yoxdur. Həmin ailənin Bəylər kəndində torpaq sahəsi var. Xeyriyyəçilər gözləyirlər ki, ailə Bəylər kəndinə qayıtsın və daha sonra evin tikilməsi işinə başlasınar”, – Kamran Məmmədov dedi.

Kamran Məmmədov onu da əlavə etdi ki, onların başladıqları yardım aksiyaları davam edir. Yardım etmək istəyən xeyirxah insanlar onlara müraciət edə bilərlər.

Qeyd edək ki, evsiz insanlara yardım etmək və maddi dəstək olmaq istəyənlər GE49BG0000000101180046GE (Kamran Mamedov) hesab nömrəsinə ödəniş edərək yardım edə bilərlər.



Print Email
FaceBook Twitter Google