Marneuliyə beş yeni avtobus güman ki, sentyabrda gələcək
Bu gün, 29 may tarixində Marneuli meriyasında “Gi-Ti Group”la müqavilə bağlanıb.
Müqaviləyə əsasən şirkət meriyaya “İSUZU” markalı 5 yeni avtobus vermə öhdəliyi götürüb.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Xidmətidən verilən məlumata görə, bələdiyyə avtobuslar almaq üçün cari ilin büdcəsindən 1 311 000 lari ayırıb.

“Avtobuslar 25 sərnişin üçün nəzərdə tutulub. 21 oturacaq yeri var və fiziki imkanları məhdud şəxslər üçün tam uyğunlaşdırılıb”, – meriyadan verilən məlumatda qeyd olunub.

Marneuli bələdiyyəsinin nəqliyyat şirkəti “Marneuli Avtopark”-ın direktoru Qiqa Calağonia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, tenderdə qalib gələn şirkətlə bağlanmış müqaviləyə əsasən avtobuslar bələdiyyəyə oktyabrda gətirilməlidir.

“Müqaviləyə görə son müddət oktyabr ayıdır, amma şirkət nümayəndələri söz veriblər ki, avtobusları sentyabrda gətirəcəklər”, – Qiqa Calağonia deyib.

Calağonia qeyd edir ki, beş yeni avtobus əsasən Marneuli şəhərində xidmət göstərəcək. Ancaq yekun qərar hələ ki, məlum deyil.


"Marneuli" Radiosu


Print