Marneulidə sürücü sərnişinlərə maska verib və marşrutdan düşən zaman geri qaytarmalarını istəyib

Marneulidə ictimai nəqliyyatın hərəkəti bərpa olunub. Əsas tələblərdən biri maska taxmaqdır, ancaq Marneulidə ilk gündən bu baxımdan problem yaranıb.


Maskası olmayan bir neçə şəxsə sürücü maska paylayıb. Maşından enən zaman isə qaytarmalarını tələb edib. Güman ki, sürücü həmin maskaları başqa sərnişinlər üçün də istifadə edəcəkdi.

“Beş saylı məktəbin qarşısındakı dayanacaqda marşruta mindim. Sürücü iki sərnişindən xahiş etdi ki, maskanı geri qaytarsınlar, onlar da qaytardı. Sürücüdən bunu niyə etdiyini soruşdum və cavab verdi ki, müştəriləri itirməmək üçün onlara maska verməli olub”, – adının hallanmasını istəməyən şəxs “Marneuli” radiosuna bildirib.

Biz 1 və 2 nömrəli marşrut şirkətinin – “Ekspress Turist”-in direktoru Yuri Samxaradze ilə əlaqə saxladıq. O, faktı təsdiq etdi və dedi ki, sürücülərə artıq xəbərdarlıq edilib.

“Bu problem artıq həll olunub. Sürücülər məni yordular. Onlarla danışdıq və sabahdan düşünürəm hər şey qaydasında olacaq”, – Yuri Samxaradze deyir.

Marneulidə ictimai nəqliyyatın hərəkəti 29 may tarixindən bərpa olunub. Sərnişinlərin maska taxması məcburidir. Onların ayaq üstə durması qadağandır.

 

Print Email
FaceBook Twitter Google