Maia Tskitişvili Marneulidə infrastruktur layihələrinə baxış keçirdi
Bu gün, 3 iyun tarixində Baş nazirin müavini, Regional İnkişaf və İnfrastruktur naziri Maia Tsikitişvili Marneulidə infrastruktur layihələrini nəzərdən keçirib.
Nazir kanalizasiya sistemləri və təhsil müəssisələrinin tikintisi prosesi ilə tanış olub. Nazirin “Marneuli” radiosuna bildirdiyinə görə, Marneulidə həyata keçirilən vacib layihələrdən biri su təchizatı və kanalizasiya sisteminin tikintisidir. Layihə üçün Asiya İnkişaf Bankı tərəfindən 150 000 lari maliyyə ayrılıb.

Tsikitişvilinin sözlərinə görə, bundan əlavə Marneulidə indiki mərhələdə 7 yeni təhsil müəssisəsi tikilir. Onlar arasında Şulaveridə yerləşən məktəb də var. Bina 450 uşaq üçün nəzərdə tutulub.



“Şulaveridə tam yeni məktəb binasının tikintisi aparılır. Tikinti təhsil islahatı çərçivəsində tətbiq edilmiş yeni məktəb standartlarına uyğundur. Məktəb infrastrukturu 450 şagird üçün nəzərdə tutulub. Onlar üçün açıq və qapalı idman meydançası, tədbirlər üçün zal, yeməkxana olacaq. Əlbəttə, bundan əlavə sinif otaqları və laboratoriya da olmalıdır. Təhsil prosesi üçün bunlar vacibdir. Bələdiyyənin İnkişaf Fondu Marneulidə yeddi məktəbin tikintisini həyata keçirir. Səkkizinci isə yaxın gələcəkdə tenderə çıxarılacaq.”

Maia Tsikitişvilinin sözlərinə görə, Bələdiyyənin İnkişaf Fondu bütün ölkə miqyasında 59 yeni məktəb tikintisi və 85 məktəbdə isə əsaslı bərpa işləri həyata keçirir.
Qeyd edək ki, Candar, Sabirkənd, Tsopi, Şulaveri, Qasımlı, Xuldərə, Kirovka və Kürtlər kəndində yeni məktəb tikilir.




Bugünkü görüşdə yerli özünüidarə nümayəndələri və Parlamentin majoritar deputatları da iştirak edirdilər. Marneuli meri Zaur Darğallı da görüşdə iştirak edirdi və o, müsahibə verməkdən imtina etdi.

Zaur Darğallı Nəriman Nərimanovun heykəlinin bərpası müzakirə məsələsinə çevrildikdən sonra “Marneuli” radiosuna müsahibə vermir.






Print Email
FaceBook Twitter Google