Xəbərlər
Saimerlonun bir neçə küçəsində ictimai nəqliyyat xarab olmuş yollara görə hərəkət etmir

Bir neçə aydır ki, Saimerlonun daxili yollarında bələdiyyə nəqliyyatı qarışıq qrafiklə hərəkət edir.


İndiyə kimi əhali təxmini də olsa nəqliyyatın nə zaman gələcəyini bilirdisə, indi vəziyyət dəyişib. Nəqliyyatın Marneuliyə nə vaxta gedib çatacağı sürücülərin "xoş niyyətinə" bağlıdır. Kənddə üç yerdə – Zaza Bocoidze, Barataşvili və Şamatava küçələrində bu problem var. Əhalinin dediyinə görə, kənddə genişmiqyaslı kanalizasiya layihəsinə başlanıldıqdan və nəticədə asfalt qatının xarab olmasından sonra nəqliyyatın qrafiki qarışıb.

"Əhali artıq həqiqətən də narahatdır. Nəqliyyat normal işləmir. Yol xarabdır deyə buradan keçməyə ərinirlər. Yolu biz xarab etməmişik. Şirkət xarab edib, işi də sona çatdırsın."

"Bu istidə saatlarla küçədə dayanmışam və nəqliyyat gəlməyib. Neçə dəfə belə hal baş verib. Bir dəfə maraqlandım ki, görəsən nı baş verir və sonuncu dayanacağa getdim. Marşrutkalar oradan geri qayıdırmış"- kimliklərinin bilinməsini istəməyən Saimerlo sakinləri dedilər.

Nəqliyyatın belə qrafiklə işləməsini Marneulinin ictimai nəqliyyat şirkətlərinin direktorları da təsdiq edir. Onlar bildirdilər ki, “marşrutka”lar xarab yolla hərəkət edəndə yararsız vəziyyətə düşür. Problem barədə isə yerli özünüidarəyə məlumat veriblər.

"Biz o yollara girməkdən çəkinirik. Pis yolda tək bizim deyil hamının maşını xarab olur", – meriyanın balansında olan Avtopark MMC-nin direktoru bildirdi.

"Biz növbə təyin etmişik və nəqliyyat ona əsasən həmin yollara girir. Yollar pisdir, vəd verirlər ki, düzələcək, nə bilim”, – “Ekspress turist" MMC-nin rəhbəri Yuri Samxaradze dedi.

Marneuli merinin müavini Zaur Tabatadze bildirdi ki, Marneulidə kanalizasiya sistemi layihəsini həyata keçirən şirkətə artıq xəbərdarlıq edilib.

“Ötən həftə işlər aparan şirkətlə görüşümüz oldu. Onlara xəbərdarlıq olunub. Bu yalnız Saimerlonun problmi deyil, başqa yerdə də var. Qısa vaxt ərzində düzəldəcəklər”

“Qısa vaxt”-ın nə zaman olacağı isə məlum deyil. Qeyd edək ki, Saimerlo sakinləri bir neçə ay əvvəl də bu kimi problem qarşısında qalıblar. Əhalinin tələbi əsasında xarab olmuş yolları doldursalar da, qısa müddət ərzində yenidən xarab olub.

 

FaceBook Twitter Google