Marneulinin majoritar deputatı Ruslan Hacıyev Marneulidə “Gürcü
Arzusu” partiyasının seçki qərərgahının rəhbəri təyin olundu.
Deputat “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
partiyanın seçki qərərgahının rəhbəri olması ilə bağlı əvvəlcədən
məlumatı olub. Hacıyev 6 iyul tarixində “Gürcü Arzusu” partiyasının
lideri Bidzina İvanişvili tərəfindən rəsmi olaraq, Marneulidə
yerləşən seçki qərərgahının rəhbəri vəzifəsinə təyin olunduğunu
təsdiq etdi.
“Demokratik Gürcü Arzusu partiyasının seçki
qərərgahının rəhbəri təyin olundum. Bu birinci dəfə deyil, mən hər
dəfə seçki qərəgahının rəhbəri oluram. Biz yenilməyi bilmirik, hər
zaman qalib gəlməyi bilirik. Bu dəfə də qalib
gələcəyik”, – Ruslan Hacıyev dedi.
2020-ci ilin Parlament seçkiləri yenidən qarışıq qaydada
keçiriləcək, amma majoritar və proporsional deputatların sayı
dəyişəcək.
120/30 – müxalifət və iqtidar partiyalarının razılaşmasına görə
proporsional və majoritar qaydada seçiləcək deputatların sayı belə
bölünüb.
Gürcüstan Parlamenti Konstitusiyaya seçki sistemi ilə bağlı edilən
dəyişiklikləri 21 iyun tarixində 136 lehinə, 5 əleyhinə səslə
birinci oxunuşda dəstəkləyib.
2016-cı ildə keçirilmiş Parlament seçkiləri zamanı Marneuli iki
majoritar dairəyə bölünmüşdü. Yeni sistemə görə isə Marneulidə
yalnız bir majoritar dairə olacaq.