Xəbərlər
Faxralı kənd sakinlərini illərdir içməli su problem narahat edir (VİDEO)
Bolnisi rayonunun Faxralı (Talaveri) kənd sakinlərini illərdir içməli su problem narahat edir.

Kənd sakinləri içməli su ehtiyaclarını qarşılamaq üçün uzun məsafə qət edərək kəndin bir tərəfindən digər tərəfinə bulağa getməli olurlar. Onların sözlərinə görə, bulaqdan su günorta saat 13:00-dək gəlir. Günün qalan saatlarında isə sakinlər susuz qalır və növbəti gün suyun gəlməsini gözləyirlər.

Sakinlər deyirlər ki, kəndin bir hissəsində içməli su problemi olmamasına baxmayaraq, 60-70 evdə içməli su əsas problemlərdən biri olaraq qalmaqdadır.

75 yaşlı Faxralı kənd sakini Güllü Həsənova tək yaşayır, pensiyaçıdır. O, hər dəfə evindən uzaq məsafədə yerləşən bulağa gedərək içməli su gətirməli olur. Bəzən evdən çölə çıxmaqda çətinlik çəkir və suyunu pul qarşılığında evinə gətirtməli olur.

“Uşaq böyüdürük, körpə var, böyük var, qoca var. Su da gələndə o biri tərəfə keçə bilmirik. Bir damcı suyumuz yoxdur. Su bizdə problemdir. Aşağıya kimi gəlib bu tərəfə 60-70 ev var su vermirlər. Deyirlər planda deyil, necə planda deyil, bu kəndindir. Biz bu kənddə yaşamırıqmı? Üst yolda su var, alt tərəfində də çəkirlər. Hər evdə bir qoca var, gedə bilmir, gətirə bilmir. Mən təkəm bacarmıram. Mənim suyumu kim gətirməlidir? Məcburam pensiyamdan birinə pul verim su gətirdim. Pensiya da mənim dərmanlarımı ancaq görür. Çox çətindir. Su yoxdur, indi mən nə edim? Əslində su buraya lazımdır, burada da yoxdur”, – Güllü Həsənova dedi.



Ayvaz Nəbiyevin 80 yaşı var. O, illərdir içməli su problemi yaşadıqlarını deyir. Nəbiyevin sözlərinə görə, hava yağışlı olduğunda kəndin küçələri palçıq olur və o, evdən çıxıb bulağa gedə bilmir.

“Su problemimiz var, içmək suyu. 80 yaşım var. Ailəm də qocadır. Yağış yağanda, palçıq olanda gəlib su apara bilmirik. O da bir saat gəlir sonra gəlmir. Məcburuq kiməsə müraciət edək gedib bizə su tapıb gətirsin. İndi quraqlıqdır, gedə bilirik. Yağanda nə edək? Su problemi çoxdan var, onda cavan idik, gedirdik. İndi yaşlıyıq, gedə bilmirik. Aşağıda çəkirlər, bizdə yoxdur. Ərizə də yazmışıq, baxan yoxdur”, – Nəbiyev Ayvaz deyir.



Kəndin daha bir sakini Əli İmanovun sözlərinə görə, məlum problemlə bağlı ərizə yazaraq meriyaya müraciət ediblər. Meriyadan isə onlara “Gözləyin, yaxşı olar” deyiblər.

“Biz suyu maşınla alırıq. Nə suvarma, nə də içməli suyumuz yoxdur. Bu küçələrdə su yoxdur. 2 il bundan əvvəl problemlərə görə qol çəkdirdilər. Çəkdik, dedik əsas problemimiz sudur, amma yenə də suyumuz yoxdur. Meriyaya da 2 gün əvvəl müraciət etmişik, deyirlər gözləyin, yaxşı olar. Deyirlər qrafikdə bu küçə yoxdur, indi su çəkilir, bizə deyirlər, sizin küçə qrafikdə yoxdur”, – İmanov Əli.



Faxralı və İmirhəsən kəndinin İcra nümayəndəsi Novruz Ayvazov “Marneuli” radiosu ilə söhbəti zamanı məsələdən xəbərdar olduğunu bildirdi. O, içməli su problemi ilə bağlı yeni layihənin hazır olduğunu və 2 bulaq tikilərək 12 küçəyə su xətlərinin çəkiləcəyini bildirdi. Ayvazov deyir ki, 100 tonluq su çəni qoyulacaq ki, bu da kənd sakinlərinin içməli su ehtiyacını fasiləsiz şəkildə ödəyəcək.

İkinci layihənin planından da danışan icra başçısının sözlərinə görə, kənddə daha 3 ailəyə su xətti çəkilərək 100-dən çox ailənin içməli su ehtiyacı qarşılanacaq. Su çəni qoyularaq küçəyə kranlar çəkiləcək və bu yolla da kənd sakinlərinin içməli su problemləri aradan qaldırılacaq.

“Bizim kənddə tarix boyu belə bir layihə olmamışdı. Smetası 540 minə yaxın 2 layihə həyata keçirilir. 50 metrlik təzə quyu qazılıb, bu quyudan 12 küçəyə xətlər çəkilir, layihədə olduğu kimi. Hər küçədə 2 dənə bulaq tikilir. Təxminən 12 küçənin əhalisi 200 ailədən çox edir. 100 tonluq çən qoyulur. Mən inanıram ki, gecə-gündüz sistematik olaraq, 12 küçəni, 200 ailəni təmin edəcəyik. Qaldı ki, digər layihəyə, bizim su anbarından 3 küçəyə, 100 dən çox ailəyə su çəkilir, çən qoyulacaq, paylayıcı qoyulacaq. Hər bir küçədə kran olacaq, harada problem varsa, çalışırıq ki, həll edək. Böyük bir layihədir. Əhalinin narazılığı odur ki, hamı deyir mənim qapımın ağzına düşsün. 2 kran var”, – Novruz Ayvazov dedi.



Novruz Ayvazov bildirdi ki, rayon rəhbərliyi ilə əlaqə saxlayıb və onlar layihəni həyata keçirən şirkət nümayəndələri ilə görüşərək, digər küçələrə də əlavə kranlar qoyacaqlar.



FaceBook Twitter Google