Xəbərlər
Qaçqınlar sentyabr-oktyabr aylarında yeni evlərə köçə biləcəklər – Besarion Simonoşvili
7 iyul tarixində Almaniya Federasiyasının Fövqəladə və Səlahiyyətli səfiri Hubert Knirş, yerli və mərkəzi hakimiyyət nümayəndələri Marneuli bələdiyyəsində tikilən qaçqın ailələrin kənd tipli məntəqəsini nəzərdən keçiriblər.

Marneulidə hazırda Elevator məntəqəsində yaşayan 31 ekomiqrant ailəyə evlər tikilir. Almaniya Federativ Respublikası hökuməti məcburi köçkünlərə yardım etmək məqsədi ilə Gürcüstana 10 milyon avro dəyərində qrant verib. Qrantın bir qismi isə Marneulidə kənd tipli məntəqənin tikilməsinə ayrılıb. Qaçqınlar, ekomiqrantlar və sosial mənbələrlə təminat agentliynin direktoru Besarion Simonoşvilinin sözlərinə görə, evlərin tikintisi yekun mərhələdədir.

“Layihə başa çatdıqdan sonra məcburi köçkün olan 21 ailə yeni evlərdə yaşayacaq. Layihənin ümumi dəyəri iki milyon dörd yüz min laridir. İşlər cari ilin avqust ayında başa çatacaq. Qaçqınlar sentyabr-oktyabr aylarında evlərə köçə biləcəklər.

Almaniya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri Hubert Knirşin “Marneuli” radiosuna bildirdiyinə görə, Gürcüstan və Almaniya əlaqələri əhəmiyyətlidir.

“Biz illərdir əməkdaşlıq edirik ki, qaçqınlara yaxşı şərait yaradaq. Mən sevinirəm ki, bizim əməkdaşlığımızın davamı burada, Marneulidə olur. Biz 31 ailə üçün kiçik  kənd salırıq və ümid edirəm ki, burada məskunlaşacaq əhalinin yaxşı şəraiti olacaq.”

İşğal Edilmiş Ərazilərdən Qaçqınlar, Əmək, Sağlamlıq və Sosial Müdafiə naziri Ekaterine Tikaradze də 31 qaçqın ailənin evini nəzərdən keçirib. O, deyir ki, bu pilot layihədir və Almaniya hökumətinin dəstəyi ilə həyata keçirilir.

“Bu layihənin büdcəsi 10 milyon avrodur. Əhəmiyyətli olan odur ki, qaçqın olan əhali layihə çərçivəsində bu evlərin tikintisində işlə təmin olunub və bu onların motivasiyasını artırır. Motivasiyadan əlavə onlar tikinti prosesində əmək haqqı da alırlar. Hər ev təxminən 2000 kv.metr sahədə tikilib. Bu əhaliyə kənd təsərrüfatı işləri görməyə də imkan yaradır.”

Kvemo Kartli qubernatoru Şota Rexviaşvilinin açıqlamasına görə, qaçqınlar məntəqəsində yenidənqurma işləri yerli və mərkəzi büdcədən maliyyələşib. O, qeyd edib ki, yol infrastrukturunun qurulması üçün artıq tender elan olunub.

“Onlarla qaçqın ailəsi bu günə qədər çox ağır şəraitdə yaşayırdılar. Onların mülkiyyətində təsərrüfat torpaqları var idi. Gürcüstan və Almaniyanın birgə gücü ilə burada 31 komfortlu yaşayış evi tikilir”.

Qaçqınlardan biri Mzia Bakradze deyir ki, 29 ildir Elevator məntəqəsində çətin şəraitdə yaşayır. Böyük ümidlə yeni evə köçəcəyini gözləyir.

“Biz Cavi rayonunun Kardzmani kəndindən qaçqınıq. Burada 29 ildir ki, pis şəraitdə yaşayırdıq. İndi çox yaxşı evlər tikilir. Çox sevinirik, Almaniya və Gürcüstan hökumətinə minnətdarıq.”

Qeyd edək ki, Almaniyanın İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihə qaçqınların yerləşdirilməsi ilə yanaşı onların sosial inteqrasiyasına dəstək, iqtisadi və təhsilin gücləndirilməsini də nəzərdə tutur. Layihəni Daniyanın Qaçqınlar Şurası Gürcüstan-Almaniyanın maddi əməkdaşlığı çərçivəsində həyata keçirir.

FaceBook Twitter Google