Marneuli Bələdiyyə Məclisi bir milyonluq sərmayə ilə bağlı müsbət qərar qəbul edib
Marneuli bələdiyyəsinin Sadaxlı inzibati ərazi vahidliyində, Təzəkənddə anbar təsərrüfatının tikilməsi planlaşdırılır.

Bu barədə Bələdiyyə Məclisinin bu gün, 8 iyul tarixində keçirilən növbədənkənar iclasında məlumat verilib. Merin müavini Laşa Lobcanidze bildirdi ki, bələdiyyənin mülkiyyətində olan 1467 kvadrat metr sahə Sadaxlıda anbar təsərrüfatı tikəcək şirkətə icarəyə veriləcək. Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, şirkət bələdiyyəyə bir milyonluq sərmayə ilə gəlir və torpaq sahəsi şirkətə 30 il müddətinə icarəyə veriləcək.

“İctimai Reyestr Milli Agentliyi təklif irəli sürdü ki, Marneuli bələdiyyəsi 1467 kvadrat metr qeyri kənd təsərrüfatı təyinatlı torpaq sahəsini dövlətə versin. Həmin sahə Sadaxlı inzibati ərazi vahidliyində, Təzəkənddədir. Qeyd olunduğu kimi torpaq sahəsindən anbar təsərrüfatı üçün istifadə olunacaq. Bu bizim bələdiyyə əhalisinin kənd təsərrüfatı məhsullarını saxlaması üçün çox vacibdir.”

Marneuli meriyasından bildirdilər ki, Marneuliyə sərmayə ilə gəlmək istəyən “Transit Industry Development” MMC şirkətidir. Meriyaya anbarla bağlı təfərrüatlar hələ məlum deyil. Lobcanidze qeyd etdi ki, icarənin dəyəri ilə bağlı heç bir güzəşt olmayacaq. İllik ödənişi isə ekspertlər müəyyən edəcək.

“Marneuli” radiosu qeyd olunan şirkətin iş təcrübəsini axtarmağa cəhd etdi. Səhmlərin 100% sahibi Belçika vətəndaşı Qiorqi Şoşitaişvilidir. İntenretdə şirkətin həyata keçirdiyi işlərlə bağlı məlumat axtararkən yalnız Kazbeki bələdiyyəsində yanacaqdoldurma məntəqəsinin tikintisi və istismarı layihəsi barədə məlumat əldə etdik.

Direktorun telefon nömrəsi isə qeyd olunmayıb. Ancaq sənədlərdən birində onun nömrəsini gördük. Zəng vurduq və məlum oldu ki, nömrə şirkətin heç bir nümayəndəsinə aid deyil.

Marneuli Bələdiyyə Məclisinin növbədənkənar iclasına yalnız qeyd olunan məsələ çıxarılıb. Deputatlar yekdilliklə müsbət qərar qəbul etdilər.



Print Email
FaceBook Twitter Google