Özünüməşğulların pul yardımı alması üçün qeydiyyat vaxtı 7 gün sonra başa çatır

Özünüməşğul şəxslərin pul yardımı alması üçün qeydiyyat vaxtı 7 gün sonra başa çatır.


8 iyul tarixinə olan məlumata görə, Sosial Xidmət Agentliyinin Marneuli rayon şöbəsi 800 nəfərə yaxın özünüməşğul şəxsə qeydiyyatdan keçməkdə köməklik göstərib. Sosial Xidmət Agentliyinin Marneuli rayon şöbəsinin sədri Mamuka Şubitidze “Marneuli” radiosuna bildirdi ki, Sosial Xidmət Agentliyi proqrama qoşulmaq üçün qeydiyyatda çətinlik çəkən vətəndaşlara kömək edir.

“Gürcüstan hökuməti tərəfindən koronavirusa görə işini və gəlirini itirmiş özünüməşğul şəxslərə yardım verilməsi elan olunqduqdan sonra Marneuli Sosial Xidmət Agentliyi tərəfindən bu günə qədər 527 özünüməşğul şəxs qeydiyyatdan keçirilib. 1 iyul tarixindən qeydiyyatı başlayan özünüməşğul şəxslərdən isə 260 nəfər qeydiyyat etmişik”.

Özünüməşğul şəxslərdən biri, Elvar İbrahimov bildirdi ki, qeydiyyatdan keçmək üçün Marneuli Sosial Xidmət Agentliyinə dünən gəlib, ancaq növbə çox olduğuna görə evə qayıtmalı olub.

“Dünən saat 2-3 idi gəldim, 6-ya kimi durdum, növbə olmadı, geri qayıtdım. İnsanların vəziyyətini görürsünüz. Adam var, bir həftədir gəlir. Saat 6-da gəlir, 7-də əli boş gedir. 126-ya qədər yazılıb, o da çatacaq-çatmayacaq bəlli deyil. Biri parkda, biri kölgədə növbə gözləyirlər. Bu gün saat 8 idi gəldim. Növbədəyəm, 43-cü adamam. Allah bilir növbəm nə vaxt gələcək. Cəmi bir nəfər işləyir, işləyən yoxdur. Ac-susuz, hamı pis vəziyyətə gözləyir, acınacaqlı vəziyyətdir. Bundan əvvəl ardıcıl vəziyyətdə Avropa ölkələrinə gedib gəlirəm. İşləməyə gedirəm, ehtiyaca görə gedirəm, istirahətə getmirəm. Gah alındı, gah alınmadı, gedirəm. Dekabrın 29-da Türkiyədən gəldim, işsiz-gücsüz gəzirəm. Ustayam, iş yoxdur. Çox pis vəziyyətdir. 60-70 faiz insanlar 300 larilik yardımı gözləyir”, – Elvar İbrahimov dedi.

Dövlət yardımı almaq üçün Marneulili özünüməşğullara Gürcüstanın İşğal Edilmiş Ərazilərindən Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin veb-səhifəsində, moh.gov.ge-də qeydiyyatdan keçmək üçün “Mülki Məşğulluq Mərkəzləri Şəbəkəsi”-nin Marneuli ofisi də yardım göstərirdi. Onlarda qeydiyyat artıq başa çatıb. Məlumata görə, ümumilikdə 63 nəfəri qeydiyyatdan keçiriblər.

Gürcüstan hökumətinin böhrana qarşı planına əsasən dövlətdən pul yardımını işsiz qalmış, işə götürülmüş və özünüməşğul şəxslər alacaq.

Qeyri-rəsmi sektorda işlə təmin olunan şəxslər, yaxud özünüməşğullar gəlirlərini itirdiklərini təsdiq edərlərsə, birdəfəlik 300 lari yardım alacaqlar.

Vətəndaşlar Səhiyyə Nazirliyinin veb-səhifəsində qeydiyyat portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.



"Marneuli" Radiosu

 

Print