Xəbərlər
Ruslan Hacıyev Samirə İsmayılovanın “Gürcü Arzusuna” keçməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Marneulinin majoritar deputatı Ruslan Hacıyev Parlament seçkilərində “Gürcü Arzusu”-ndan Samirə İsmayılovanın namizədliyinin irəli sürülüb-sürülməyəcəyi ilə bağlı ona ünvanlanan sualları cavabladı.

Deputat “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yerli mətbuatın jurnalistləri tərəfindən ona İsmayılovanın “Gürcü Arzusu” partiyasına qatılaraq, seçkilərdə nazmizədliyini irəli sürməsi ilə bağlı suallar ünvanlanır. Lakin o, bu haqda heç bir məlumatının olmadığını bildirdi.

“Samirə İsmayılovanın Gürcü Arzusuna keçməsi və siyahıda olması barədə heç bir məlumatım yoxdur. Amma onu deyə bilərəm ki, əgər bu məsələlər varsa, Milli Hərəkat partiyasının Bolnisi rayonundan olan aparıcı qüvvələrindən Samirə İsmayılova Gürcü Arzusuna keçirsə, siyahıda olmaq fikri varsa, bu o deməkdir ki, Milli Hərəkat partiyası öz daxillərinə fikir verməlidirlər. Nəinki, başqa partiyalara. Onların içərisində olan çatları düzəltməyə çalışsınlar. Bir bu deyil, onların içərisində çox laxlamalar var və biz bunu cəmiyyət tərəfindən eşidirik. Yaxşı olar ki, onlar buna fikir versinlər və Gürcü Arzusunun namizədinin kimliyini müzakirə etməsinlər”, – Ruslan Hacıyev dedi.

Məsələyə aydınlıq gətirmək üçün Vahid Milli Hərəkat partiyasının Bolnisidən olan keçmiş üzvü və Bolnisi rayon Bələdiyyə Məclisinin üzvü Samirə İsmayılova ilə əlaqə saxladıq. İsmayılova “Marneuli” radiosuna müsahibəsi zamanı “Gürcü Arzusu” partiyasına keçməsi xəbərinin şayiə olduğunu bildirdi. O, təxminən 2 ildir ki, siyasətdən uzaq olduğunu söylədi.

“Mən təxminən 2 ildir ki, siyasi proseslərdən uzaqlaşmışam. Rəsmi statusda Milli Hərəkat partiyasını tutmuşdum, amma artıq istefa vermişəm. Heç bir siyasi partiya tərəfindən mənim adım, nə majoritar olaraq, nə də siyahıda – heç bir yerdə irəli sürülməyəcək. Nə keçmişdə təmsil etdiyim Vahid Milli Hərəkat, nə də ki, Gürcü Arzusu”,
– Samirə İsmayılova dedi.

O, bundan sonra da Samirə İsmayılova adının heç bir siyahıda hallanmayacağını və 2020-ci ildə də heç bir partiyanın üzvü olmayacağına əmin olduğunu bildirdi.
FaceBook Twitter Google