Süleymanov İvanişvilini diktator adlandırdı, Ruslan Hacıyev Süleymanova cavab verdi
Ruslan Hacıyev “Marneuli” radiosu ilə söhbəti zamanı “Gürcü Arzusu” partiyası tərəfindən majoritar dairədən kimin namizədliyini irəli sürəcəyi haqqında məlumatının olmadığını bildirmişdi.

O, bu qərarın Bidzina İvanişviliyə məxsus olduğunu demişdi. Hacıyevin bu fikirlərinə “Milli Hərəkat Partiyası”-nın deputatı Azər Süleymanov 24news.ge saytına müsahibəsi zamanı münasibət bildirib.

Süleymanov Bidzina İvanişvilini diktator adlandırıb. O, müsahibəsində “Bu gün xoşa gəlməz hadisədir ki, majoritar deputat Ruslan Hacıyev çıxıb təstiqləyir ki, bunların tək başına süpürgəçi belə təyin etməyə ixtiyarları çatmır”, – deyib.

Majoritar deputat Ruslan Hacıyev “Marneuli” radiosu ilə söhbəti zamanı Azər Süleymanovun onun haqqında söylədiyi fikirlərə münasibət bildirdi. O, Süleymanovu ciddi insan olaraq tanıdığını, lakin bu fikirlərinin qeyri-ciddi olduğunu dedi.

“Mən Azər Süleymanovu ciddi adam olaraq qəbul edirəm, amma fikirlərini qeyri-ciddi olaraq qəbul edirəm. Özü ciddi adamdır, amma qeyri-ciddi bəyanat paylaşıb. Əlbəttə, bu ictimiyyət üçün nəzərdə tutulub. Bunu demək istəyirəm ki, partiyanın siyasi şurasında bütün namizədlər müzakirə olunur. Siyasi şura tərəfindən kimin harada namizəd olmasına qərar verilir. Bizim Gürcü Arzusunda demokratik və azad şəkildə keçirilməsinə heç kimin şübhəsi yoxdur. Bunu başqa partiyalarla heç müqayisə belə etmirəm. Buna görə də heç o müsahibəni ciddi qəbul etmirəm.”


Ruslan Hacıyev Azər Süleymanovun “Tək başına süpürgəçini belə təyin etməyə ixtiyarı yoxdur” fikrinə də cavab verdi. O, bildirdi ki, hər hansı bir vəzifəyə təyinat yerli bələdiyyə və orqanların qərarı əsasında olur.

“Gürcü Arzusu partiyasında qərarlar hər zaman bələdiyyələr, meriyalar tərəfindən verilib. Bu tam müstəqil və azad qərarlar olub. Bunu bütün dünya, ictimaiyyət, Gürcüstanımız bilir ki, Gürcü Arzusu hökuməti zamanı nə qədər azadlıq, sərbəstlik olub. Bu o azadlığın nəticəsidir ki, bir çox müxalif qüvvələr ağzına gələni danışır.”

Azər Süleymanovun 2020-ci ilin Parlament seçkiləri zamanı Gürcü Arzusu partiyasından heç kimin qalib ola bilməyəcəyi fikirlərinə Ruslan Hacıyev gülərək “Biz son zamanlar məğlub olmamışıq, məğlub olmağın da nə demək olduğunu bilmirik” cavabını verdi.

Hacıyev heç vaxt özünü düşünmədiyini və partiya tərəfindən müzakirələr nəticəsində namizədliyi irəli sürüləcək olan şəxsə dəstək olacağını bildirdi.

Print Email
FaceBook Twitter Google