Dövlət məmurları kəndlərdə əhali ilə ünsiyyət qurmağa mane olurdu – “Salam”-ın üzvləri
„Salam” platforması qeyri-gürcü dilli əhalinin dövlətin yardım proqramına qoşulması üçün qeydiyyatdan keçməsinə kömək edib.

“Salam”-ın üzvləri Kvemo Kartlinin beş bələdiyyəsinin 22-dən artıq kəndinə gediblər və özünüməşğulları dövlətin 300 lari həcmində birdəfəlik yardımını alması üçün qeydiyyatdan keçiriblər.

“Salam”-ın nümayəndələrinin bildirdiyinə görə, merin kənddəki nümayəndələri görüşlər zamanı tez-tez onlara müxtəlif üsullarla mane olmağa cəhd edirmiş. Bir neçə kənddə işıqları söndürüblər və “Salam”-a əhaliyə yardım göstərmək üçün imkan verməyiblər.

“Salam”-ın üzvü Fariz Əsgər komandası ilə birgə Marneulinin 8 kəndində olub. O, bildirir ki, ən böyük problemlər Sadaxlı və Kəpənəkçi kəndlərində yaranıb.

“Biz əsasən sadə biznesi olanların yanına gedirdik və onlardan xahiş edirdik ki, işləmək üçün bizə yer versinlər. Elə hallar olurdu ki, çayxana sahibləri bizə yer verirdi və.s. Kəpənəkçi kəndinə gedəndə merin müvəkkili bizi gördü və dedi ki, burada heç kimin problem yoxdur və heç kimin ehtiyacı yoxdur. Baxmayaraq ki, artıq qonşu kənddən 10-ə yaxın adam toplaşmışdı. Xoşbəxtlikdən “Salam” geniş platformadır və bizim komanda üzvlərimizdən biri həmin kəndin sakini idi. Onun evində ofis qurduq və əhaliyə orada kömək etdik. Sadaxlıda da problemlər yarandı. Mədəniyyət Mərkəzinin binasına getdik, orada indi çayxana açılıb. Sahibindən xahiş etdik ki, bizə yer versin. O, dedi ki, bizimlə heç bir problemi yoxdur, ancaq yenə xahiş etdi ki, həmin ərazidə işləməyək. Güman ki, kiminsə nə isə deməsindən qorxurdu”, – Fariz Əsgər dedi.

Farizin sözlərinə görə, belə hallarda problemin əsas mənbəyi merin inzibati ərazi vahidliyindəki nümayəndələridir. Onun sözlərinə görə, çox hallarda merin nümayəndələri gürcü dilini də bilmirdilər. Görəndə ki, kənddə müəyyən fəallıq həyata keçirilir problemlərinin yaranmasından qorxublar.

“Salam”-ın təsisçilərindən Əli Məmmədovun sözlərinə görə, kənd müvəkkillərinin əsas problemi platforma nümayəndələrinin kəndə getmə səbəbini bilməməsidir.

“Onların problemi meriyanın məsələdən xəbərsiz olması idi və qorxurdular ki, biz hər hansı partiyanın nümayəndələri olarıq. Dmanisinin Qəmərli kəndində belə hal baş verdi. Səhər saatlarında yağışa görə işləyə bilmədik və günorta başladıq. Saat 4-dən axşam 10-a kimi işlədik və 6-7 dəfə işığı söndürdülər ki, bizə mane olsunlar. Əhali də deyirdi ki, burada işıqlar heç belə tez-tez sönməyib. Bir gün əvvəl həmin kəndin mer nümayəndəsi və Bələdiyyə Məclisinin üzvü bizim yanımıza gəlmişdi və iş prosesini çəkdilər, suallar verdilər ki, haradan və niyə gəlmişik. Biz əlbəttə hər şeyi dedik, yenə bizə mane oldular”, – Əli Məmmədov dedi.

Məmmədovun sözlərinə görə, Qardabaninin Nəzərli kəndində də problemlər yaranıb.

“Qəssabın məkanı var idi və özü bizə orada işləməyə icazə verdi. Həmin yeri təmizlədik, hər şeyi qurduq və sonra gəldi xahiş etdi ki, həmin yeri tərk edək. O, dedi ki, “yuxarıdan” onu çağırıblar və oranı tərk etməsək, onun üçün çox sayda problem yaranacaq”, – Əli Məmmədov dedi.

“Salam”-ın Qardabani bələdiyəsinin daha bir kəndində, Vaxtanqisidə də problemi yaranıb. Paltforma üzvü Aytac Xəlilli bildirdi ki, kənddə işləyən zaman kənd müvəkkili gəlib və ondan soruşub ki, kimdir və kənddə nə edirlər.

“Sanki bu adama hər şey məlum idi, dedi ki, problem deyil, amma onun getməsindən tam beş dəqiqə keçmiş kənddə elektrik enerjisi söndürüldü və bir saata bizim texnikamız da söndü. Buna görə əhaliyə yardım edə bilmədik. Bizə elektrik enerjisi verən adama da dedi ki, niyə kömək edir. Bu yeganə hal deyil. Bizim nümayəndələrə çox yerdə mane olurdular. Ona görə də düşünürük ki, bu təşkil olunmuş işdir”, – Aytac Xəlilli dedi.

“Salam” əhali ilə görüşlərə və dövlət proqramına qoşulmaq üçün qeydiyyata 20 iyun tarixində başlayıb. İş prosesi 10 gün davam edib.
Gürcüstan hökumətinin böhrana qarşı planına əsasən işsiz qalanlar, işə götürülənlər və özünüməşğullar dövlətdən pul yardımı alacaq.

Qeyri-rəsmi sektorda işlə təmin olunan, yaxud özünüməşğullar gəlirini itirdiyini təsdiq edərsə, 300 lari dəyərində birdəfəlik yardım alacaq.
Vətəndaşlar Səhiyyə Nazirliyinin veb-səhifəsində, qeydiyyat portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
"Marneuli" Radiosu
Print