Avqust müharibəsi qaçqınlarının qəzalı bina və sürünənlər qorxusu ilə dolu yaşamı
Marneuli bələdiyyəsinin Şaumyan kəndinin qaçqınlar yaşayan məntəqəsində əhali hər il siçanların, ilan və tarakanların dişləməsi qorxusu ilə yaşamalı olur.

Bina iki mərtəbəlidir, uçmuş divarları, yanmış tavanı, faner döşəməni və açıq qalmış elektrik xətlərini asanlıqla görə bilərsiniz. Əhalinin dediyinə görə, bu evlərdə qalmaq mümkün deyil.



12 ildir ki, bu şəraitdə yaşamağa məcburdurlar. Onlar Liaxvidən 2008-ci il müharibəsi zamanı köçürülüblər. Bir neçə il əvvəl tənha ana, Salome Demetraşvilinin evinin divarını üstü açıq qalmış elektrik xətti yandırıb. Onun bildirdiyinə görə, diqqətdən kənar qalıblar.

“Heç kim gəlməyib və heç kim bu divarı təmir etmir. İlanla doludur. İlan, siçovul – divarda hər şey var. Sadəcə ölməsək, yaxud yanğın düşməsə, heç kim bizə diqqət yetirməyəcək. Heç olmasa bu korpusu təmir etsinlər. Əhali qane olsun. Təmir də edə bilmirik.”

Salome kimi Şaumyani məntəqəsinin başqa sakinləri də eyni şəraitdə yaşamağa məcburdurlar. 71 yaşlı Surman Mandikaşvili bildirdi ki, onların problemi ilə yalnız seçki dövründə maraqlanırlar.

“Bu mənzildə yaşamaq olmur, bütün otaqlar rütubətlidir. Görün nə qədər uşaq yaşayır. Bilmirəm necə dözürlər. Bu uşaqlar başqa regiona gedəndə rəngləri dəyişir və elə gəlirlər. Bura rütubətlidir deyə rəngləri qaçır. Qışda bayırdakı kimi evdə də soyuq olur. Ayaqlarını isidə bilmirəm. Neçənci əsrdir? Biz belə evdə yaşamalıyıq?”.



Surman Mandikaşvili kimi Svetlana Lapaşi də bildirdi ki, Şaumyanidə qaçqınlar məntəqəsində daim qorxu və xilas olma instinkti ilə yaşamalı olurlar.

“Görürsünüz vəziyyət necədir. Dörd dəfə yanğın baş verib, bizim sahibimiz yoxdur. Yenə gəlmişdilər, dedilər maliyyələşdirmə olacaq. Heç bir yerə köçürmürlər, yalandan bizi aldadırlar. Kərpic, ya blok gətirib evi təmir etsinlər, normal həyat yaşayaq. Bu yaşayış evi deyil. Burada toyuq da saxlanılmaz.”

“Marneuli” radiosu onlara yerli özünüidarə tərəfindən hansısa yardımın göstərilib göstərilməyəcəyini aydınlaşdırmağa çalışdı. Gürcüstanın İşğal Edilmiş Ərazilərindən Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətindən dedilər ki, Şaumyani kəndində yaşayan qaçqınlar üçün kənd tipli məntəqənin salınması indiki mərhələdə müzakirə olunmur. Ancaq yeni yaşayış evləri almaq üçün onlara proqram təklif edirlər.

“Bilirik, həmin qaçqınlar hansı şəraitdə yaşayırlar. Onlar agentliyimizin proqramından faydalana bilərlər. Bu mənzil üçün ərizə verməkdən ibarətdir. Bütün proqramlara qoşula bilərlər. Meyarlara görə onlar yerləşdiriləcək. Biz Marneulini diqqətsiz qoymamışıq. Çalışrııq Şaumyaniyə kömək edək. Hələ ki, bu proqramlardır”, – mətbuat xidmətinin rəhbəri Marika Matiaşvili bildirdi.



Şaumyani kəndində qaçqınlarının yaşadığı ikimərtəbəli evdə təxminən səkkiz ailə yaşayır.


"Marneuli" Radiosu
Print