Təbii fəlakətdən zərər çəkmiş ailənin çadırdakı həyatı
17:57 / 10.07.2020
Təkəli kənd sakini İlham Kərimov may ayından bəri meriyadan
evinin təmir edilməsini tələb edir. Güclü külək nəticəsində evin
dam örtüyü uçub. Üç nəfərlik ailə bu gün də kirayəyə götürdüyü
çadırda yaşayır.
Marneulinin əksər kəndlərində olduğu kimi Kərimovun ailəsi də
həyətdə becərdiyi məhsulla ehtiyacını qarşılayır. Ancaq onların
təsərrüfatı çox kiçikdir və ailənin ehtiyaclarını qarşılamaq üçün
kifayət deyil.
İlham Kərimovun həyat yoldaşı Azərbaycan vətəndaşıdır, Gürcüstanda
ona heç bir yardım düşmür. Ona görə də ailə sosial yardım tələb edə
bilmir. Vəfa Kərimova bir neçə ay əvvəl əməliyyat olunub. Həyat
yoldaşı və qızları ailə təsərrüfatı ilə məşğuldur.
Qaçağan ərazi vahidliyinin müvəkkili Ehtiram Əliyev “Marneuli”
radiosu ilə video çəkilişlərə razılaşmadı. Telefon söhbəti zamanı
isə qeyd etdi ki, evin təmiri, yaxud ailəyə yardımın verilməsi
meriyanın qərarından asılıdır.
Kərimovlar ailəsi meriyadan evin tikilməsi ilə bağlı yardım
istəyir. Köhnə ev gil ilə tikilib və indi onu təmir etməyin, orada
yaşamağın mənası yoxdur. Qohumların köməyi ilə yeni kiçik evin
bünövrəsi qoyulub. Ailə yerli özünüidarəyə müraciət edir ki, gələn
qışı nisbətən isti şəraitdə qarşılasın.