Merin Qaçağandakı nümayəndəsi Ehtiram Əliyev koronavirusa yoluxmuş ailənin ittihamlarına cavab verdi
Kirəç Muğanlı kəndində koronavirusa yoluxmuş 38 yaşlı qadının karantin müddətində məhsulunun yanmasına görə şikayəti ilə bağlı “Marneuli” radiosu xəbər hazırlamışdı.
Vüsalə Bayramova “Marneuli” radiosuna video müsahibəsi zamanı bildirmişdi ki, anasında və onda virus təsdiq olunduqdan sonra ailə üzvləri karantinə aparılarkən evinin qapı-pəncərəsini bağlamağa imkan verilməyib və onlar karantində olarkən məhsulu suvarılmadığdan məhv olub. Bayramova məhsuluna dəyən ziyana görə Qaçağan inzibati ərazi vahidliyinin icra nümayəndəsi Ehtiram Əliyev və qonşusu Rəhman Musayevi günahlandırırdı.

Məsələyə aydınlıq gətirmək üçün Ehtiram Əliyevlə əlaqə saxlamağa çalışsaq da, o, həmin vaxt telefon zənglərimizə cavab verməmişdi. “Marneuli” radiosunun hazırladığı video süjetdən sonra kəndin icra nümayəndəsi Ehtiram Əliyev Vüsalə Bayramova və yoldaşı Niyaməddin Əmirxanlı tərəfindən ünvanına səsləndirilən mənfi fikirlərə münasibət bildirdi.

Əliyev “Marneuli” radiosu ilə söhbəti zamanı Vüsalə Bayramovanın ailə üzvlərinə qarşı heç bir zorakılıq tətbiq etmədən, həkim və polislərin iştirakı ilə xəstəxanaya, yoldaşı və uşaqlarının isə karantinə aparıldığını bildirdi.

O, bu qərarın onunla hər hansı bir əlaqəsinin olmadığını, polis və həkimlərin tələbi əsasında ailə üzvlərinin karantinə aparıldığını dedi.

“Biz heç vaxt heç bir vətəndaşa zor tətbiq etməmişik. Bu qərar pandemiya ilə bağlı fövqəladə vəziyyət komissiyasının qərarıdır. Bu qərar əsasında vətəndaş xəstəxanalarda müalicə alır, karantin rejiminə alınır və ya otellərdə 14 günlük karantində qalmalı olur. Bu qərarı biz vermirik. Bu qərarı verən dövlətin xüsusi qurumları var, həm Marneuli rayonun, həm də respublikanın həkimləri var. Biz orada sadəcə yerli hakimiyyət olaraq iştirakçı qsimindəyik. Bizə sadəcə olaraq zəng gəlir ki, biz gəlib bu ad soyadlı adamı aparasıyıq, biz də gedib bir təmsilçi olaraq orada iştirak edirik. Bizim heç birimizin səlahiyyəti ona imkan vermir ki, gedək orada kiməsə zor tətbiq edək. Bizim laboratoriyamız yoxdur, həkim deyilik ki, kimdənsə analiz götürək. Müsahibə verən insanların, vətəndaşların fikirlərin belə başa düşürəm ki, onlar elə bilirlər ki, biz həkimik, biz qərar veririk. Xeyr, biz həkim deyilik. Bizim məsuliyyətimiz var, bizim ərazimizdə kiminsə problemi varsa, kömək etməyə çalışırıq.”

Ehtiram Əliyev Bayramovanın məhsulunun yanmasında onu günahlandırmasına da açıqlama gətirdi. O, ailənin xəstəxanada və karantində qaldığı müddət ərzində əkdikləri qarğıdalını suvardığını, hətta köməyə Bayramovanın qohumlarını da çağırdığını dedi. İcra nümayəndəsinin sözlərinə görə, qarğıdalıdan başqa Vüsalə Bayramovanın evinin həyətində əkdiyi kələm və xiyar onlar karantinə alınmazdan əvvəl də yanmış vəziyyətdə olub.

“Onlar gedəndən sonra meliorasiya xidmətinin nümayəndəsi var, Dövran Hümbətov, mən ona müraciət etmişəm ki, ailə karantinə gedib, gəlin kömək edək, suvaraq. Qarğıdalı sahəsi var idi, suvardıq. Onların qohumları da var idi, dedik gəlin suvaraq, gəldilər, suvardıq. Amma istixana və kələmlə bağlı dediyi məsələ bizə qədər o vəziyyətdə idi, yanmış halda idi. Bizə qədər o məsələ var idi, bilmirəm özləri necə suvarmışdılar. Biz o suyu təşkil etdik, suvarıldı. Bunun əksini “Marneuli” radiosunda dinlədik, amma vətəndaşlar səhv başa düşməsinlər. Biz heç bir zaman, heç bir vətəndaşa qarşı mənfi düşüncə ilə yanaşmamışıq. Əksinə, onun problemlərinin həllinə çalışırıq. Çalışırıq ki, onun üzləşdiyi problemlərlə yaxından tanış olaq və səlahiyyətimizin çatdığı qədər, imkan daxilində o insanın yanında olaq.”

Ehtiram Əliyev Vüsalə Bayramova və yoldaşı Niyaməddin Əmirxanlının “Marneuli” radiosuna verdikləri video müsahibədən sonra sosial şəbəkələrdə onunla bağlı səsləndirilən mənfi fikirlərə etiraz etdiyini bildirdi. O, işlədiyi müddət ərzində kənd sakinlərinin problemləri ilə yaxından maraqlandığını və sakinlərə qarşı heç vaxt pis fikirdə olmadığını və daim onların problemlərinə çıxış yolu axtardığını dedi.

Əliyev Niyaməddin Əmirxanlının karantinə aparıldığı zaman onun içkili olması fikirlərinə də aydınlıq gətirdi. O, həmin vaxt içkili olmadığını və bu fikrin səhv olduğunu bildirdi. Əliyev ailənin karantinə aldatmaqla aparılmadığını və ailənin karantinə getməyə razılığını alanadək təxminən 1 saat polis əməkdaşları ilə birlikdə gözlədiklərini dedi. Onun sözlərinə görə, bir saat ərzində ailə üzvləri televizorunu söndürə və qapı-pəncərəsini bağlaya bilərdi.

“Sosial şəbəkələrdə yazılanlara etirazımı bildirirəm. Çünki mənim işlədiyim dövrdə heç bir vətəndaşla bizim mənfi münasibətimiz olmayıb, nə də ki, o düşüncənin insanı deyilik. Orada bizə qarşı mənfi fikirlər səslənib ki, guya işçilərimizdən biri içkili halda olub. Qətiyyən belə söhbətlərin yeri deyil. Əgər söhbət məndən gedirsə, orada polis əməkdaşları da olublar, onlardan da soruşa bilərsiniz. O, adam getmək istəmirdi. O müddət ərzində o, çöldə qalan əşyalarını içəri apardı. Bir saat, yarım saat ərzində gedib televizorunu da söndürə bilərdi, işlərini də görə bilərdi. Ona heç kim – nə həkim, nə də polis əməkdaşları təzyiq göstərmədi və sadəcə onlara vəziyyət başa salındı.”

“Qırmızı Körpü” sərhəd buraxılış məntəqəsində çalışan Vüsalə Bayramova və iş yoldaşında koronavirus 8 iyun tarixində qeydə alınmışdı. 12 iyun tarixində isə Bayramovanın anası da koronavirus diaqnozu ilə xəstəxanaya aparılmışdı. 20 iyun tarixində isə Kirəç Muğanlı kəndində daha bir nəfərdə koronavirus təsdiqlənmişdi. Qeyd edək ki, virusa yoluxan sakinlər hazırda sağalıblar.




"Marneuli" Radiosu
Print