Marneulidə yağışlı hava zamanı bəzi bələdiyyə nəqliyyatında da yağış yağır
18:17 / 13.07.2020
Marneulidə bir neçə gündür ki, yağış yağır.
Əhali bələdiyyə nəqliyyatına minən zaman islanmış oturacaqlarda
əyləşməli olur. Əksər hallarda yağış pəncərələrdən içəri yağır,
yaxud xarab olmuş döşəmədən su çıxır. Yerlilər bildirir ki,
avtobuslarda da bayırdakı kimi yağış yağır.
Elə sakinlər də var ki, yağışlı havada bələdiyyə nəqliyyatından
istifadə zaman onlara problem yaranmır.
Biz Marneulinin bələdiyyə nəqliyyatı xidməti “Avtopark” MMC-nin
direktoru Qiqa Calağonia ilə söhbət etdik. O, bildirdi ki,
avtobusların əksəriyyəti köhnəlib və yenilənməlidir.
“Yuxarıdan su daman avtobusumuz yoxdur. Aşağıdan yəqin
ki, ola bilər. Çünki xarab olub və su çıxır. Dörd-beş avtobus var
ki, təcili surətdə yenilənməyə ehtiyac var. Belə köhnə avtobusların
hamısı yenilənməlidir”, – Qiqa Calağonia dedi.
Marneuli meriyası beş yeni avtobusun alınması ilə bağlı “GT
Group”-la artıq müqavilə bağlayıb. Avtobusların alınması üçün cari
ilin yerli büdcəsindən 1 311 000 lari ayrılıb. İSUZU markalı 5 yeni
avtobus Marneuliyə sentyabrda gətirilməlidir. Onların hamısı güman
ki, Marneuli şəhərində hərəkət edəcək.