Şaumyani kitabxanasının bərpası məsələsi yenidən gündəlikdə durur – Laşa Lobjanidze

“Şaumyani kitabxanasının bərpası məsələsinin həlli yenə də gündəlikdə durur” – bu barədə merin müavini Laşa Lobjanidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi.


O, qeyd etdi ki, dünən, 14 iyul tarixində Mülki Məşğulluq Mərkəzində təqdimatı keçirilən Şaumyani kəndindəki kitabxananın və Melik Paşayevin ev muzeyinin bərpası layihəsində iştirak etməmələri meriyanın layihəni dəstəkləməmələri demək deyil. O, açıqlama verdi ki, meriyanın nümayəndələri görüşdə müəyyən səbəblərdən iştirak etməyiblər.

“Təəssüf ki, dünən iştirak edə bilmədik. Başqa görüşümüz var idi və fiziki olaraq alınmadı. Amma bu demək deyil ki, biz bu kimi təşəbbüsləri dəstəkləmirik. Bu belə deyil. Sadəcə keçməli olduğumuz müəyyən prosedurlar var. Ola bilsin əhali ilə konsultasiyalar keçək. Bu məsələnin həlli gündəlikdə durur. Bizim dünənki təqdimatda iştirak etməməmizi elə qəbul etməsinlər ki, meriya bu layihəni bəyənmir”-
Laşa Lobjanidze dedi.

13 iyul tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində “Gənc arxeoloqlar cəmiyyəti” layihənin ictimai müzakirəsini keçirib. Layihə Şaumyani kəndindəki kitabxananın və Melik Paşayevin ev muzeyinin bərpasını nəzərdə tutur. Baxmayaraq ki, mer və onun müavinləri görüşə dəvət edilmişdi onlar görüşdə iştirak etmədilər.

Layihə 19-cu əsrin tarixi tikilisinin, mədəni irs obyektinin bərpasından və ona yeni funskiyaların əlavə olunmasından ibarətdir. Meriya Şaumyanidə olan kitabxana və ev muzeyinin bərpasına rəsmi razılıq verərsə, çoxfunksiyalı təhsil sahəsi yaradılacaq və orada yenidən kitabxana və muzey fəaliyyət göstərəcək. Eləcə də konfrans və mühazirə üçün məkan, arxeoloqlar və mütəxəssislər üçün elmi laboratoriya, əlavə sərgi sahəsi, təcrübələr üçün arxeoloji düşərgə və.s əlavə olunacaq.



"Marneuli" Radiosu

 

Print