Xəbərlər
"Bunun üçün məhkəmə var" - Marneuli Bələdiyyə Məclisinin sədri, yepiskop Qiorqinin ittihamına münasibət bildirib

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze Marneuli və Hucabinin yepiskopu Qiorqi (Camdeliani) ittihamına münasibət bildirib.



Marneuli Bələdiyyə Məclisinin sədri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, əgər onun qanunu pozması ilə bağlı Qiorqidə təəssürat yaranırsa məhkəməyə müraciət edə bilər.

“Baxmayaraq ki, yepiskopa qarşı münasibətim yaxşıdır və hörmət edirəm, əgər mənim qanunu pozmağımla bağlı təəssüratı varsa bunun üçün məhkəmə var və qanunu pozuramsa buna görə məndən cavab verməyimi tələb edəcəklər. Buna hazıram. Əgər haradasa məlum olsa ki, Bələdiyyə sədri qanunu pozur məsuliyyət daşımağa hazıram”, – Amiran Qiorqadze bildirdi.

Marneuli və Hucabinin yepiskopu 12 iyul tarixində həftə ayini zamanı Bələdiyyə Məclisi sədrini qanun pozmaqda ittiham edib.

Yepiskopun bildirdiyinə görə Nəriman Nərimanovun abidəsi məsələsi ilə bağlı təşəbbüs qrupu yaradılıb və qrup Bələdiyyə Məclisində Nərimanovun abidəsi məsələsini müzakirə etmək üçün müraciət edib, bələdiyyə sədri Amiran Qiorqadze isə məsələni müzakirə etməkdən imtina edib.

“Birbaşa desək, Bələdiyyə Məclisinin sədri bu məsələni gündəliyə çıxarmaqdan imtina edir. Bununla da mer kimi o, da qanunu pozur. Faktiki olaraq bizə başqa yol qoymurlar ki, Konstitusiya ilə verilən hüquqdan istifadə edək. Amma bu mübarizəni mütləq sona çatdıracağıq, bunu hamı bilsin. Məni heç nə dayandıra bilməz”,
– Yepiskop Qiorqi dedi.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Bələdiyyə Məclisi məktub daxil olduqdan sonra məsələni dərindən araşdırmalıdır.

“Müvafiq qurumlar var ki, bizə cavab göndərirlər. Həmin cavablar əsasında müvafiq komissiya məsələni müzakirə edəcək, qərar qəbul edəcək ki, məsələ iclasa çıxarılsın və.s. Qanun bizə vaxtla bağlı məhdudiyyət qoymur, ona görə heç kim bizi qanun pozmaqda ittiham edə bilməz. Əgər kiminsə belə fikri varsa bunun üçün məhkəmə var”, – Amiran Qiorqadze dedi.

Marneulidə Nəriman Nərimanovun abidəsi məsələsinin müzakirəsi 24 may tarixində yepiskop Qiorqinin (Camdeliani) həftəlik ayin zamanı verdiyi bəyanatdan sonra başladı. O zaman Marneuli və Hucabinin yepiskopu Nərimanovun abidəsinin bərpasına görə Marneuli meri Zaur Darğallını qanunu pozmaqda ittiham etmişdi.

Marneuli və Hucabinin yepiskopu həmçinin, bildirmişdi ki, Nərimanovun abidəsinin bərpası işləri üçün vəsait Marneuli bələdiyyəsinin büdcəsindən xərclənməyib və Marneuli meri abidəni öz vəsaiti ilə təmir etdirib. Marneuli meriyasından Nərimanovun heykəlinin bərpasına pulun haradan ayrıldığı ilə bağlı “Marneuli” radiosunun rəsmi məktubuna hələ də cavab gəlməyib.

Marneulidə abidələrə qulluq göstərmək bələdiyyənin təmizlik xidmətinin öhdəliyindədir. “Təmiz Marneulinin” direktoru Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Nərimanovun heykəlinin bərpasına 7000 lari xərclənib. Onun sözlərinə görə, şirkət abidələrə qulluq üçün büdcə ayırıb və Nərimanovun abidəsinin bərpası da merin sərəncamı əsasında məhz həmin məbləğlə həyata keçirilib.

 



 

FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla