Dözülməz isti və uzun növbədə duran təqaüdçülər
Marneuli bələdiyyəsində karantin başladığı gündən bu günə qədər bankların qarşısında əhali sıxlığını görmək mümkündür. Xüsusilə pensiya paylanılan vaxtlar bankların qarşısında daha çox insanın bir araya toplaşaraq növbə gözlədiyini görürük.

Bu gün 15 iyul tarixində də Marneulidə fəaliyyət göstərən bankların qarşısında əhali sıxlığı müşahidə olunur. Hər zaman olduğu kimi bu gün də növbə daha çox Liberti bankın qarşısındadır. Saatlardır növbəsinin gəlməsini gözləyən sakinlər “Marneuli” radiosu ilə söhbətləri zamanı səhər saat 9-dan bankın qarşısında olduqlarını bildirdilər. Sakinlərin bəziləri hökumətin hazırladığı anti-böhran əleyhinə yardım proqramına qeydiyyatdan keçmək üçün hesab nömrəsi almağa gəlib. Əksəriyyət isə yaşlı insanlardan ibarətdir ki, onlar da bu gün pensiyalarını almaq üçün evlərindən çıxıb və saatlarla günəş altında növbələrini gözləyirlər.

“Saat 7-dən buraya qocalar gəlib. Kiminin şəkəri, kiminin təzyiqi, ürək problemi var. Elə olur ki, təcili yardım gəlib buradan zorla aparır. Biz nə vaxta qədər belə yaşamalıyıq? Gəlirsən pensiya alırsan. Pensiyaya səhər saat 7-dən gəlib günorta saat 3-ə kimi adam burda durmalıdırmı? Mən neçə saat durmalıyam ki, neçə saatdan sonra girib pensiyamı almalıyam? Problemlərimiz çoxdur, amma baxan da yoxdur”, – Paşa Hacıyev dedi.

Pandemiyadan əvvəl Türkiyədə işlədiyini deyən Asif Hüseynov hökumətin ayırdığı yardım proqramından yararlanmaq üçün hesab nömrəsi açdırdığını deyir. O, açdırdığı kartı götürmək üçün TBC bankın qarşısında növbə gözləyir.

“Türkiyədə və qıraq ölkələrdə işini itirmiş insanlar hal-hazırda dövlətdən yardım ala bilərlər. Mən saat 9-dan buradayam, bankın açılmağını gözləyirdim və saat 10-da bank açıldı. İndi saat 1-2-dir mən yenə də gözləyirəm. Sıra yazıblar. Sıra ilə getməyə çalışırıq. Normal şərtlərdə bank işçiləri daha aktiv şəkildə işləsəydilər, bu qədər sıra olmazdı. Tək TBC bank deyil, bütün banklarda sıra var. Yaşlı var, xanımlar var, hamilələr var. Baxıram ki, insanlar çox çətinliklərlə üzləşirlər. Artıq 4 saatdır ki, gözləyirəm”, –
Asif Hüseynov dedi.

Banklarda işçilərin zəif fəaliyyətindən şikayətlənən Marneulili sakinlər səhər saatlarından ac-susuz ayaq üstə qaldıqlarını deyirlər. Onlar banklarda işçilərin az olmasına görə problem yarandığını bildirirlər.

“Cəmi iki kassa işləyir. Saat 8-dən gəlmişik, gözləyirik. Problem banklardır, bankların işlərini qaydasına salmaq lazımdır. O bankdan çıxıb, bu banka giririk. Deyirlər növbədir, buraxmırlar”, – növbə gözləyən sakinlər dedilər.

Bu gün Liberti bankın qarşısında növbə gözləyən sakinlərə bankın əməkdaşları tərəfindən pulsuz su paylanırdı.


"Marneuli" Radiosu
Print