Burma kənd sakinləri içməli su probleminin həlli üçün meriya qarşısına toplaşdı
Bu gün, 20 iyul tarixində Sadaxlı inzibati ərazi vahidliyinə daxil olan Burma kəndinin sakinləri meriya qarşısına toplaşaraq içməli su problemlərinin həll olunmasını tələb ediblər.
Sakinlər meriya tərəfindən həftədə 3 dəfə hər evə 60 litr su verilməsinin onlar üçün kifayət etmədiyini deyirlər. Onlar aksiya zamanı meriyaya müraciət edərək ya həftədə 3 dəfə deyil, hər gün, ya da hər ailənin 1 həftəlik ehtiyacını ödəyəcək qədər suyun göndərilməsini tələb ediblər.

Artıq 4 ilə yaxındır ki, içməli su problemindən əziyyət çəkən Burma kənd sakinlərinə meriya tərəfindən müsbət cavab verilib. Sakinlərin sözlərinə görə, meriyadan onlara avqustun 2-nə qədər kənddə içməli su ilə bağlı işlərin başlanacağını deyiblər.

“Avqustun 2-nə söz verdilər. Bizim problemimiz sadəcə sudur. Suyumuz yoxdur. Suyu bizə çənlə göndərirlər. Artezian quyumuz qazılıb, sonra yarımçıq qalıb. Meriyadan Zaur Tabatadze bizə söz verdi ki, biz avqustun 2-si işə başlayacaqlar. Elə olur ki, bizə içməli suyu 5 gündən bir, elə olur hər gün verirlər. 60 litr su verirlər. Mənim inəklərim də var mən nə edim? Heç içməyə su tapmırıq, Afrikadakılar heç belə deyil”, – Elməddin Cəfərov dedi.

Marneuli meri Zaur Darğallının köməkçilərindən Adil Əliyev “Marneuli” radiosu ilə söhbəti zamanı kənddə artezian quyusunun qazıldığını bildirdi. O, Burma kəndi ilə bağlı iki dəfə tenderin elan olunmasına baxmayaraq, işlərin yarımçıq qaldığını dedi.

Əliyev tenderdə qalib gələn şirkətin içməli su quyusu ilə bağlı lazım olan tələbləri düzgün yerinə yetirmədiyinə görə, meriyanın şirkətdən pulu geri aldığını və yaxın günlərdə 3-cü şirkətlə müqavilə bağlayacağını dedi. O, sakinlərin su probleminin həll olunması üçün meriyanın çalışdığını və təxminən avqust ayının 2-nə qədər işlərin başlayacağını bildirdi.

“Əhalinin özünə də dediyimiz kimi, bir dəfə o kənddə artezian quyusu qazılıb. Amma meriya ödədiyi pulu tenderi qazanıb orada işini düzgün görməyən şirkətdən geri alıb. Oradan su çıxmayıb. Sonra iki dəfə tender elan olunub və qalib gəlinib. Qalib gəldikdən sonra şirkət lazım olan sənədləri yerinə yetirə bilməyib. Artıq 3-cü firma tenderdə qalib gəlib. 2 gün vaxt verdik ki, tələb olunan sənədləri meriyaya təqdim etsin. Sənədlər təqdim olunduqdan sonra ən gec gələn həftənin 3-cü gününə kimi, şirkət və meriya arasında müqavilə bağlanacaq. Ən gec avqustun 1-2-nə kimi artıq sözügedən kənddə işlər başlanacaq. Noyabr ayının 15-dən etibarən orada su problemi olduğuna görə meriya tərəfindən su maşını ilə hər həftə əhaliyə su göndərilir. İndi əhlinin tələbi başqadır ki, su həftədə 3 dəfə deyil hər gün göndərilsin. Və ya hər kəsə 1 həftəlik yetəcək qədər göndərilsin. Mer burada deyil, birinci müavini isə iclasdadır. Biz həll edəcəyik ki, kəndin su ehtiyacı ödənilsin. Sakinlər başqa kəndlərə su dalınca getməsinlər. Ola bilsin ki, böyük maşınla bir gün və ya kiçik maşınla hər gün su göndərilsin və nəticədə əhalinin su problemi həll olunacaq”, – Adil Əliyev dedi.



Adil Əliyev onu da qeyd etdi ki, noyabr ayının 15-dən başlayaraq Burma kəndində yerliözünüidarə tərəfindən hər ailəyə həftədə 3 dəfə 60 litr içməli su paylanılır.

"Marneuli" Radiosu
Print