Evli qadınla münasibətə görə dirəyə bağlanan gənc polisə şikayət edib
Bir neçə gün əvvəl, iyulun 14-dən 15-ə keçən gecə Kəpənəkçi kəndində zorakılıq hadisəsi baş verib.

Kəpənəkçi kənd sakinləri tərəfindən Keşəli kənd sakininə qarşı zorakılıq tətbiq olunub.

Kənd sakinləri “Marneuli” radiosu ilə söhbətləri zamanı hadisənin namus üstündə baş verdiyini dedilər. Onların sözlərinə görə, zorakılığa məruz qalan gəncin Kəpənəkçi kənd sakininin həyat yoldaşı ilə münasibəti olub. Kişi həyat yoldaşının başqa kişi ilə münasibətinin olduğundan xəbər tutub. Sakinlərin sözlərinə görə, qadının qayınatası onunla görüşmək üçün gələn Keşəli kənd sakinini dirəyə bağlayaraq ata-anasının gəlməsini gözləyib. Sonra isə Keşəli kənd sakinini buraxıblar. Hadisənin səhəri gün isə qadının qayınatası dünyasını dəyişib. Bütün baş verən hadisələrdən sonra polis gəncə qarşı zorakılıq törətdiklərinə görə, ailənin iki üzvü də daxil olmaqla hadisədə iştirak edən 8 nəfəri həbs edib.

Hal-hazırda Kəpənəkçi kənd sakinləri polis tərəfindən həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər. Onlar gənclərin ədalətsiz şəkildə həbs olunduqlarını deyirlər.

“8 nəfərin buraxılmasını istəyirik. Burada çox haqsızlıq var. Bir ailəni dağıtdılar. İşığını söndürdülər. Apardıqları adamları buraxsınlar. Apardıqları adamlardan uşaq olanı da var. Camaatın evində xəstəsi var. Gəlib gəlininə toxunanı aparmırlar. Camaat baş sağlığına gəlir, adam tapmırlar. Kişinin yoldaşı, oğlu, qardaşı, qardaşı uşaqlarını aparıblar, oradadırlar. O, adam ağsaqqal kimi qoymayıb ki, öldürsünlər. Özü də ürəyi partlayıb öldü. Oğlana heç kim də heç nə etməyib. Öldürməyiblər, qolunu-qıçını sındırmayıblar. Ata-anasına veriblər oğlanı. Ekspert var, araşdırsın”, – Kəpənəkçi kənd sakinləri deyirlər.



Sakinlər onu da qeyd etdilər ki, əgər həbs olunanlar azadlığa buraxılmasa, onlar toplaşaraq Parlament binası qarşısında aksiya keçirəcəklər.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin azadlıqdan qanunsuz məhrum edilməni nəzərdə tutan 143-cü maddəsi ilə istintaqa başlanılıb. DİN-dən verilən məlumata görə, hələ ki, heç kim həbs olunmayıb.

"Marneuli" Radiosu
Print