Marneuli küçələrində dayanacaq sistemi yoxdur. Yolun hər iki
tərəfində maşınlar saxlanılır.
Heç səkilər də boş deyil. Piyadalar maşınların arasından
avtomobillərin hərəkət hissəsinə keçməli olur. Marneulidə əhali
sıxlığı hiss olunan küçələrdən biri Rustaveli küçəsidir. Küçədə bir
neçə bank var və avtomobillərin saxlanılması üçün isə yer yoxdur.
Buna görə də sürücülər maşını səkidə saxlayır. Şəhərdə heç bir
yerdə dayanacaq (P) işarəsini görə bilməzsiniz. Əhali illərdir bu
problemə görə narahatdır.
“Hamını bu problem narahat edir. Dayanacaq yerləri
qaydasına salınmalıdır. Xətt çəkilməlidir və işarələr olmalıdır.
Vətəndaşlar da hərəkət qaydalarına əməl etməlidir. Hər halda təkcə
sürücülər günahkar deyil, piyadalar da qaydalara əməl etməlidir.
Dayanacaq üçün yer olmalıdır.”
“Çox hallarda problem yaranır, çünki dayanacaq üçün yerlər yoxdur
ki, elementar olaraq maşını saxlayaq və hərəkət edək. Bu problem
həmişə var. Piyada hərəkət edən zaman da səkidə yeriyə bilmirik,
qəza olmasından qorxuruq. Bu problem həll etsələr yaxşı olar.”
“Heç bir qayda-qanuna baxan yoxdur. Keçid saymırlar. Kim harada
istəyir, orada saxlayır. Deyəndə ki, niyə burada saxlayırsan, cavab
verir ki, sürücü mən deyiləm, yaxud iki dəqiqəyə çıxıram, ya da
deyir sən kimsən, yaxşı eləyirəm. Mən nəyə görə axsaya-axsaya o
biri yola çıxmalıyam?”
Marneuli radiosu dayanacaqlarla bağlı dəfələrlə material
hazırlayıb. Sonuncu material bir neçə ay əvvəl hazırlanmışdı.
Meriyadan bildirmişdilər ki, problemin həlli yaxın gələcəkdə
planlaşdırılır. Tender də elan edilmişdi və qalib şirkət də var
idi. Ancaq hələ də dayanacaq zonasının yaradılması üçün işlərə
başlanılmayıb.
Meriyadan bildirdilər ki, dayanacaqlar məsələsi ilə bağlı
səlahiyyətli şəxs Laşa Lobcanidzedir və məhz ondan müsahibə
almalıyıq. O, isə zənglərimizə hələ də cavab vermir.