Marneulinin həll olunmayan problemi - dayanacaqlar

Marneuli küçələrində dayanacaq sistemi yoxdur. Yolun hər iki tərəfində maşınlar saxlanılır.


Heç səkilər də boş deyil. Piyadalar maşınların arasından avtomobillərin hərəkət hissəsinə keçməli olur. Marneulidə əhali sıxlığı hiss olunan küçələrdən biri Rustaveli küçəsidir. Küçədə bir neçə bank var və avtomobillərin saxlanılması üçün isə yer yoxdur. Buna görə də sürücülər maşını səkidə saxlayır. Şəhərdə heç bir yerdə dayanacaq (P) işarəsini görə bilməzsiniz. Əhali illərdir bu problemə görə narahatdır.

“Hamını bu problem narahat edir. Dayanacaq yerləri qaydasına salınmalıdır. Xətt çəkilməlidir və işarələr olmalıdır. Vətəndaşlar da hərəkət qaydalarına əməl etməlidir. Hər halda təkcə sürücülər günahkar deyil, piyadalar da qaydalara əməl etməlidir. Dayanacaq üçün yer olmalıdır.”

“Çox hallarda problem yaranır, çünki dayanacaq üçün yerlər yoxdur ki, elementar olaraq maşını saxlayaq və hərəkət edək. Bu problem həmişə var. Piyada hərəkət edən zaman da səkidə yeriyə bilmirik, qəza olmasından qorxuruq. Bu problem həll etsələr yaxşı olar.”

“Heç bir qayda-qanuna baxan yoxdur. Keçid saymırlar. Kim harada istəyir, orada saxlayır. Deyəndə ki, niyə burada saxlayırsan, cavab verir ki, sürücü mən deyiləm, yaxud iki dəqiqəyə çıxıram, ya da deyir sən kimsən, yaxşı eləyirəm. Mən nəyə görə axsaya-axsaya o biri yola çıxmalıyam?”


Marneuli radiosu dayanacaqlarla bağlı dəfələrlə material hazırlayıb. Sonuncu material bir neçə ay əvvəl hazırlanmışdı. Meriyadan bildirmişdilər ki, problemin həlli yaxın gələcəkdə planlaşdırılır. Tender də elan edilmişdi və qalib şirkət də var idi. Ancaq hələ də dayanacaq zonasının yaradılması üçün işlərə başlanılmayıb.

Meriyadan bildirdilər ki, dayanacaqlar məsələsi ilə bağlı səlahiyyətli şəxs Laşa Lobcanidzedir və məhz ondan müsahibə almalıyıq. O, isə zənglərimizə hələ də cavab vermir.


"Marneuli" Radiosu

 

Print