“Socar Georgia” 2-ci semestrin təhsil haqqını nə vaxt ödəyəcək
Gürcüstanda dövlət universitetləri artıq 2-ci semestri başa vurub.

2-ci semestrin başa çatmasına baxmayaraq “Socar Georgia” tərəfindən Gürcüstanda yaşayan yerli azərbaycanlı tələbələrin təhsil haqları ödənməyib. Hal-hazırda dövlət universitetlərində təhsil alan və təhsil haqqı “Socar Georgia” tərəfindən ödənilən tələbələri bir sual narahat edir. “Socar 2-ci semestrin təhsil haqqını nə vaxt ödəyəcək?!”

Tələbələrin “Marneuli” radiosuna müraciətindən irəli gələrək “SOCAR”-ın Gürcüstandakı nümayəndəliyinin əməkdaşı Faiq Hüseynovla əlaqə saxladıq.

Hüseynov “Marneuli” radiosu ilə söhbəti zamanı ərizə qəbuluna nə vaxt başlanacağını və təhsil haqqının ödənilmə tarixi haqqında heç bir məlumatının olmadığını bildirdi. O, ödənişin edilməsi üçün “Socar”-ın Azərbaycandakı əsas ofisindən cavab gözlədiklərini dedi. Faiq Hüseynov onu da əlavə etdi ki, ərizə qəbulu başladığı zaman tələbələrə bu barədə məlumat veriləcək.

Qeyd edək ki, SOCAR 2007-2008-ci tədris ilindən etibarən Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlı (Gürcüstan azərbaycanlıları) tələbələrin təhsil haqlarını ödəyir.

Print Email
FaceBook Twitter Google