Burada virusun yenidən yayılmaması üçün bütün tövsiyələrə əməl etməliyik – Marneuli bazarının satıcısı

23 iyul tarixində Gürcüstanın Baş naziri Qiorqi Qaxaria bildirdi ki, Gürcüstanın bazarlarında nəzarət gücləndiriləcək.


Bəyanat Qaçianidə mövcud olan ağır epidemioloji vəziyyətə görə verilib. Marneuli bazarı 27 aprel tarixində yeni tövsiyələr əsasında fəaliyyətə başlayıb. Əsas tələblərdən biri termoskrininqin keçirilməsi və dezinfeksiya məhlulundan istifadədir. Ketevan Dolaşvili 30 ildir ki, Marneuli bazarında ticarətlə məşğuldur. O, bizimlə söhbəti zamanı bildirdi ki, bazarda qaydaların daha da ciddiləşdirilməsinə qarşı deyil. İstəmir ki, üç ay müddətində evdə gəlirsiz qaldığı dövr təkrar olunsun.

“Tövsiyələrə mütləq əməl etməliyik ki, eyni hal təkrar olmasın. Baş nazir çıxış edənə qədər də biz bazara maska taxıb gəlirdik. Girişdə temperaturumuzu yoxlayırlar. Tövsiyələrə əməl etməyin tərəfdarıyıq. Çünki əgər Qardabanidə aşkarlanıbsa, Qardabani əhalisi bizim bazara da gəlir, alış-veriş edirlər. Ona görə yenidən virusun yayılmaması üçün bütün tövsiyələrə əməl etməliyik.”


Marneuli bazarının direktoru Saba Naveriani bizimlə söhbəti zamanı bildirdi ki, nəzarətin daha da gücləndirilməsi halında bazar rəhbərliyi bütün tövsiyələrə əməl etməyə hazırdır.

“Açılan gündən termoskrininq aparılır. Bazara maskasız heç kimi buraxmırıq, nə yerliləri nə də alverçiləri. Bütün ticarətçilər hər gün məlumatlandırılır, müvafiq məlumatları asmışıq. Bazarda dezinfeksiya işləri aparırıq. Eləcə də tez-tez təmizləmə işləri həyata keçirilir. Əgər nəzarət daha da ciddiləşdirilsə, hamımız tövsiyələrə əməl etməyə hazırıq, görək yeni tələblər nə olacaq”, – Saba Naveriani dedi.

Qiorqi Qaxarianın sözlərinə görə, bazarlara nəzarətin gücləndirilməsi barədə qərar qəbul olunub. Bu termoskrininq və test analizinin aparılması olacaq.

 

Print Email
FaceBook Twitter Google