“Ölkədə iki qaynar nöqtə var Qardabani və Lilo bazarı” – Paata İmnadze

“Ölkədə bu gün demək olar ki, iki qaynar nöqtəmiz var. Bu Qardabani bələdiyyəsi və Lilo bazarıdır. Yerli yoluxma hallarının əksəriyyəti bu iki yer ilə əlaqədardır”, – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktor müavini Paata İmnadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi.

İmnadzenin sözlərinə görə, koronavirusa digər yoluxma halları yük maşını sürücülərində, yaxud xaricdən gələnlərlə əlaqədardır.


“Bu hallar o qədər də narahat edici deyil, çünki yük maşını sürücüləri daim nəzarətdədir, Gürcüstana qayıdan vətəndaşlar isə karantin zonasındadırlar. Amma yerli yoluxma halları qeydə alınan və əksəriyyəti Qardabani bələdiyyəsi ilə əlaqədar olan zaman narahat olmağa dəyər. Çünki bu infeksiyanın daha geniş yayılması təhlükəsi yaradır”, – Paata İmnadze bildirdi.\

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktor müavininin sözlərinə görə, xəstələrin əksəriyyətində koronavirusun yüngül forması qeydə alınıb, ancaq koronavirusun bu qaydada yayılması əsasən ailələrdə baş verir və bu ailənin yaşlı və müxtəlif xəstəliyi olan üzvləri üçün təhlükəlidir.

Paata İmnadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ölkədə koronavirus pandemiyasının daha çox yayılması dövlət tərəfindən qismən götürülmüş məhdudiyyətlər səbəbindən yaranıb.

“Əlbəttə, biz yoluxma hallarının artacağını gözləyirdik. Məhdudiyyətlərdən sonra açılan müxtəlif biznes fəaliyyətləri buna nümunədir. Biz də gözləyirdik, amma bir daha deyirəm ki, bir halın qeydə alınması problem deyil, amma kiçik bələdiyyədə onlarla hal qeydə alınırsa, narahatçılığa səbəb var”, – Paata İmnadze dedi.

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktor müavinin bildirdiyinə görə koronavirusun yayılmasının qarşısının alınması üçün vətəndaşlar bütün tövsiyələrə əməl etməlidirlər. İctimai yerlərdə maska taxmalı, məsafə saxlamalı və termoskrininqdən keçməlidirlər. Ən vacibi isə tibb müəssisəsi işçiləri ilə əməkdaşlıq etməlidirlər və testdən keçməkdən imtina etməməlidirlər.

"Marneuli" Radiosu

 

Print