“Cinayət törədən, bizim milli, dövlət vicdanımızı,
ləyaqətimizi təhqir edən şəxsi mərkəzi hakimiyyət, iqtidar
partiyası majoritar namizəd olaraq təqdim edib.
Guya ki, həmin günahkar adam simaya çevrilməlidir və o,
Marneulililərin hüququnu ali qanunverici orqanda müdafiə etməlidir.
O, nə hüquq qoruyacaq? O, bizim hüquqlarımızı, milli dəyərimizi
təhqir edib”, – bu sözləri 26 iyul tarixində Marneuli
və Hucabinin yepiskopu Qiorqi (Camdeliani) bazar günü moizəsi
zamanı deyib. Bir neçə həftədir ki, yepiskop bazar günü moizəsində
Marneulidə son zamanlar Nəriman Nərimanovun abidəsinin bərpası ilə
əlaqədar baş vermiş hadisələri müzakirə edir.
Yepiskop Zaur Darğallının majortar namizədliyinə də qarşıdır.
“Zaur Darğallıya dəstək olan, saxta, yaxud birbaşa
yolla ona daha çox hüquq verilməsində iştirak edəcək bütün şəxslər
allahın qarşısında onun törətdiyi cinayətə görə məsuliyyət
daşıyırlar. Mən belə şəxsləri allaha həvalə edirəm, onlar allahın
və əcdadlarımızın ruhu qarşısında cavab verəcəklər. Mən yeparxiya
kimi, yeparxiya rəhbəri olaraq onlara cavabdeh deyiləm. Bu bizim
milli dəyərimizi Marneulidə təhqir edən, pravoslav kilsəsini təhqir
edən məsuliyyətsiz hakimiyyətə mənim cavabımdır.”
Yepiskop Qiorqi bazar günü moizəsində qeyd edib ki, ona qarşı
gündəlik məqsədyönlü təxribatlar aparılır.
“2012-ci ildə dəyişiklik baş verən zamanı ilk vəd
ədalət vədi idi, budur ədalət? Mən onlardan soruşuram.
Konstitusiyanı və qanunu başımıza vurdular. Nəinki qanunu saymamaq,
hətta dəhşətli üsullarla məni təqib etməyə başladılar və təxribatla
məni dayandırmağa çalışırlar. Birbaşa deyirəm və bildirirəm ki,
əgər məni dayandırmaq istəyirsinizsə, güllə ilə məni vura
bilərsiniz, amma məni güllə də öldürməz. Çünki əcdadlarımızın
sözünü deyəcəyəm, mənim köküm elə ölkədəndir ki, onları öldürsələr
də, ölmürdülər. Bu gün Kvemo Kartlidə baş verən ədaltəsizliyə son
qoymadan məni güllə də öldürməz.”
“Marneuli” radiosu bu gün Marneuli və Hucabinin yepiskopu Qiorqi
ilə müsahibə yazdı. Yepiskop konkret təxribatlarla bağlı danışmaq
istəmədi. Amma qeyd etdi ki, Bələdiyyə Məclisi təşəbbüs qrupu
tərəfindən verilmiş məktubun müzakirəsini qəsdən gecikdirir.
“Məktubun müzakirəsi süni şəkildə uzadılır və süni
olaraq dayandırılıb. Zaur Darğallı isə cinayət törədib, bunu
birbaşa deyirəm. Əlbəttə, onun namizədliyi geri
götürülməlidir”, – Yepiskop Qiorqi “Marneuli”
radiosuna bildirdi.
“Marneuli” radiosu hələ də Marneuli meri Zaur Darğallı ilə əlaqə
saxlamağa və məsələ ilə bağlı onun mövqeyini öyrənməyə çalışır.
Ancaq o, zənglərimizə cavab vermir.
Marneulidə Nəriman Nərimanovun abidəsi məsələsinin müzakirəsi 24
may tarixində yepiskop Qiorqinin bazar günü moizəsi zamanı verdiyi
bəyanatdan sonra başlamışdı. Həmin vaxt Marneuli və Hucabinin
yepiskopu Marneuli meri Zaur Darğallını Nərimanovun abidəsini bərpa
etməklə qanunu pozmaqda ittiham etmişdi.