"Zaur Darğallı namizədlikdən uzaqlaşdırılmalıdır" - Yepiskop Qiorqi

“Cinayət törədən, bizim milli, dövlət vicdanımızı, ləyaqətimizi təhqir edən şəxsi mərkəzi hakimiyyət, iqtidar partiyası majoritar namizəd olaraq təqdim edib.

Guya ki, həmin günahkar adam simaya çevrilməlidir və o, Marneulililərin hüququnu ali qanunverici orqanda müdafiə etməlidir. O, nə hüquq qoruyacaq? O, bizim hüquqlarımızı, milli dəyərimizi təhqir edib”, – bu sözləri 26 iyul tarixində Marneuli və Hucabinin yepiskopu Qiorqi (Camdeliani) bazar günü moizəsi zamanı deyib. Bir neçə həftədir ki, yepiskop bazar günü moizəsində Marneulidə son zamanlar Nəriman Nərimanovun abidəsinin bərpası ilə əlaqədar baş vermiş hadisələri müzakirə edir.

Yepiskop Zaur Darğallının majortar namizədliyinə də qarşıdır.

“Zaur Darğallıya dəstək olan, saxta, yaxud birbaşa yolla ona daha çox hüquq verilməsində iştirak edəcək bütün şəxslər allahın qarşısında onun törətdiyi cinayətə görə məsuliyyət daşıyırlar. Mən belə şəxsləri allaha həvalə edirəm, onlar allahın və əcdadlarımızın ruhu qarşısında cavab verəcəklər. Mən yeparxiya kimi, yeparxiya rəhbəri olaraq onlara cavabdeh deyiləm. Bu bizim milli dəyərimizi Marneulidə təhqir edən, pravoslav kilsəsini təhqir edən məsuliyyətsiz hakimiyyətə mənim cavabımdır.”

Yepiskop Qiorqi bazar günü moizəsində qeyd edib ki, ona qarşı gündəlik məqsədyönlü təxribatlar aparılır.

“2012-ci ildə dəyişiklik baş verən zamanı ilk vəd ədalət vədi idi, budur ədalət? Mən onlardan soruşuram. Konstitusiyanı və qanunu başımıza vurdular. Nəinki qanunu saymamaq, hətta dəhşətli üsullarla məni təqib etməyə başladılar və təxribatla məni dayandırmağa çalışırlar. Birbaşa deyirəm və bildirirəm ki, əgər məni dayandırmaq istəyirsinizsə, güllə ilə məni vura bilərsiniz, amma məni güllə də öldürməz. Çünki əcdadlarımızın sözünü deyəcəyəm, mənim köküm elə ölkədəndir ki, onları öldürsələr də, ölmürdülər. Bu gün Kvemo Kartlidə baş verən ədaltəsizliyə son qoymadan məni güllə də öldürməz.”

“Marneuli” radiosu bu gün Marneuli və Hucabinin yepiskopu Qiorqi ilə müsahibə yazdı. Yepiskop konkret təxribatlarla bağlı danışmaq istəmədi. Amma qeyd etdi ki, Bələdiyyə Məclisi təşəbbüs qrupu tərəfindən verilmiş məktubun müzakirəsini qəsdən gecikdirir.

“Məktubun müzakirəsi süni şəkildə uzadılır və süni olaraq dayandırılıb. Zaur Darğallı isə cinayət törədib, bunu birbaşa deyirəm. Əlbəttə, onun namizədliyi geri götürülməlidir”, – Yepiskop Qiorqi “Marneuli” radiosuna bildirdi.

“Marneuli” radiosu hələ də Marneuli meri Zaur Darğallı ilə əlaqə saxlamağa və məsələ ilə bağlı onun mövqeyini öyrənməyə çalışır. Ancaq o, zənglərimizə cavab vermir.

Marneulidə Nəriman Nərimanovun abidəsi məsələsinin müzakirəsi 24 may tarixində yepiskop Qiorqinin bazar günü moizəsi zamanı verdiyi bəyanatdan sonra başlamışdı. Həmin vaxt Marneuli və Hucabinin yepiskopu Marneuli meri Zaur Darğallını Nərimanovun abidəsini bərpa etməklə qanunu pozmaqda ittiham etmişdi.



"Marneuli" Radiosu

 

Print