“Gürcü Arzusu” artıq iki gündür ki, Marneuli və Hucabinin
yepiskopu Qiorqinin (Camdeliani) bəyanatı ilə bağlı şərh
vermir.
Marneuli və Hucabinin yepiskopu 26 iyul tarixində həftə ayini
zamanı “Gürcü Arzsu”nun Marneuli və Qardabanidən majoritar namizəd
olaraq Zaur Darğallını təqdim etməsi ilə bağlı bəyanat verib. O,
“Gürcü Arzusundan” Zaur Darğallını namizədlikdən çıxarmalarını
tələb edib. Onu dəstəkləyənləri isə vicdan xəyanətkarları
adlandırıb.
“Zaur Darğallıya dəstək olan, saxta, yaxud birbaşa
yolla ona daha çox hüquq verilməsində iştirak edəcək bütün şəxslər
allahın qarşısında onun törətdiyi cinayətə görə məsuliyyət
daşıyırlar. Mən belə şəxsləri allaha həvalə edirəm, onlar allahın
və əcdadlarımızın ruhu qarşısında cavab verəcəklər. Mən yeparxiya
kimi, yeparxiya rəhbəri olaraq onlara cavabdeh deyiləm. Bu bizim
milli dəyərimizi Marneulidə təhqir edən, pravoslav kilsəsini təhqir
edən məsuliyyətsiz hakimiyyətə mənim cavabımdır” , –
Marneuli və Hucabinin yepiskopu Qiorqi həftəlik ayində
bildirib.
“Gürcü Arzusunun” Mərkəzi ofisinin mətbuat xidmətindən “Marneuli”
radiosuna bildiriblər ki, qeyd olunan məsələ ilə bağlı şərh
vermirlər.
“Marneuli” radiosu artıq iki gündür ki, Marneuli meri Zaur
Darğallı, Parlamentin majoritar deputatları Ruslan Hacıyev və Tamaz
Naveriani, Marneuli Bələdiyyə Məclisinin sədri və onun müavinləri
ilə əlaqə saxlamağa cəhd edir. Biz onların yepiskop Qiorqinin
bəyanatına münasibətləri ilə maraqlanırıq, ancaq onlar bizim zəng
və mesajlarımıza cavab vermirlər.
Qeyd edək ki, “Gürcü Arzusu” 20 iyul tarixində Marneulinin meri
Zaur Darğallını Marneuli və Qardabanidən majoritar namizəd olaraq
təqdim edib. Marneulinin majoritar deputatları və Marneuli
Bələdiyyə Məclisinin sədri ona dəstək olduqlarını bildiriblər.