Marneulili rəssam Rizvan İsmayıl “UNESCO Ümumdünya Rəssamlar İttifaqı”-na üzv seçilib
Marneulili rəssam Rizvan İsmayıl “UNESCO Ümumdünya Rəssamlar İttifaqı”-na üzv seçilib.

İsmayılov “Marneuli” radiosu ilə söhbəti zamanı rəssamlığa olan marağı, sərgiləri və UNESCO-ya üzv olması barədə məlumat verdi.

O, uşaqlıqdan rəsm çəkməyə böyük marağının olduğunu və bu marağını zaman keçdikcə inkişaf etdirdiyini dedi. Rəssam hələ 16 yaşı olarkən Azərbaycanda, Bakı şəhərində Əzim Əzimzadə adına rəssamlıq məktəbinə qəbul olub və 4 il orada təhsil alıb. O, artıq 35 ildir ki, rəsm çəkdiyini və 2016-cı ildə “Rəqəmlərin Fəlsəfəsi” adlı öz yeni üslubunu yaratdığını dedi.

Rizvan İsmayıl bu günə qədər çəkdiyi bütün əsərlərinin onun üçün doğma olduğunu bildirdi. O, deyir ki, rəssamın çəkdiyi əsərlərə olan sevgisi valideynin övladına olan sevgisi kimidir.

“Rəssam üçün əsərləri bir övlad kimidir. Necə ki, valideyn övladları arasında fərq qoymur. Rəssam üçün də əsərləri onun ruhunun, canının bir parçasıdır. Əsərlərin içərisində ən çox düşüncə sərf etdiyim, dərinlik axtardığım 50 santimetrin 2 metrə olan bir tablodur. Bu tablo da yenə Numerologizm (Əbcədizm) üslubuna həsr olunmuş bir əsərdir.”

Rizvan İsmayılın yaratdığı əsərlər dünyanın bir çox ölkələrində sərgilərdə olub. Rəssam iştirak etdiyi sərgilərdə xüsusi mükafatlarla təltif olunduğunu bildirdi. O, 2015-ci ildə Bakı şəhərində keçirilən “Dünya Rəssamlarının Beynəlxalq Sərgisi”-nə qatılaraq Gürcüstanı təmsil edib və “Türk xalqlarının dostluğu” ordeni ilə təltif olunub. Rusiyanın paytaxtı Moskvada “Ənənələr və Müasirlik” adlı beynəlxalq festivalda yaratdığı yeni üslubunu sərgi iştirakçılarına təqdim edib. Rəssam deyir ki, yaratdığı heykəltəraşlıq və memarlıqda istifadə olunan “Numerologizm” (Əbcədizm) üslubu tamaşaçılar və görkəmli rəssamlar tərəfindən böyük maraqla qarşılanıb. Hətta rəssamlıq sahəsində yeni fikir yaradığına görə mükafata layiq görülüb. O, 2016-cı ildə Parisdə beynəlxalq sərgidə iştirak edib. İsmayılov deyir ki, yaratmış olduğu yeni üslubu burada da böyük maraqla qarşılanıb. Rəssamın İstanbul və Tbilisi şəhərlərində də sərgiləri keçirilib. 2019-cu ildə rəssamın 50 illik yubileyi münasibəti ilə Bakıda fərdi sərgisi keçirilib. Sərgi zamanı rəssam “Yeni Azərbaycan Partiyasının”, “Azərbaycan Mədəniyyət Nazirliyinin” fəxri fərman və diplomlarına layiq görülüb.

Rizvan İsmayıla həmçinin Almaniyada yerləşən Avropa Təbii Elmlər Akademiyasının təsis etdiyi Azərbaycanın görkəmli rəssamı Sakit Məmmədov adına Almaniyanın məşhur mükafatını alıb.

2020-ci ilin iyul ayında isə o, UNESCO-nun Ümumdünya Rəssamlar İttifaqının üzvü seçilib.

Məlumat üçün qeyd edək ki, Rizvan İsmayılov Gürcüstan Rəssamlar İttifaqının, həmçinin Gürcüstan Rəssamlar Federasiyasının üzvüdür. O, eyni zamanda Azərbaycan Reklamçılar İttifaqının üzvü və Gürcüstan bürosunun rəhbəridir.
Print Email
FaceBook Twitter Google