Ağməmmədli kəndinin sakinlərini suvarma suyu problemi narahat edir (VİDEO)
Marneuli rayonunun Ağməmmədli kəndinin sakinlərini suvarma suyu problemi narahat edir. Buna görə də kənd sakinləri bu gün, 29 iyul tarixində kəndin mərkəzində aksiya keçirdilər. Aksiya zamanı kənd sakinləri əkib-becərdikləri məhsullarını vaxtında suvara bilmədiklərini və buna görə də məhsullarının susuzluqdan məhv olduğunu bildirdilər. Sakinlərin sözlərinə görə, onların yaşadığı kənddə illərdir ki, suvarma suyu problemi var və bu günə qədər də həmin məsələ öz həllini tapmayıb. Ağməmmədli sakinləri bildirdilər ki, əkin vaxtı gələndə onlar məhsullarını suvarmaq üçün şəxsi avtomobilləri ilə su daşıyaraq, məhsullarını suvarırlar.



Rəşad Qəmbərov Ağməmmədli kəndində yaşayır. Onun dediyinə görə, bankdan yüz min lariyə qədər kredit götürüb və 5 hektara yaxın meyvə bağı salıb. Amma suvarma suyu olmadığına görə, əkdiyi ağacları suvara bilmir və ağacla susuzluqdan quruyaraq, məhv olur.



Marneuli Bələdiyyə Məclisinin deputatı Əşrəf Dükənov “Marneuli” radiosu ilə söhbəti zaman bildirdi ki, Ağməmmədli kəndinin ərazisindən keçən su kanalından 6 kənd istifadə edir və ümumilikdə 12 min hektar torpaq sahəsi suvarılır. Deputatın sözlərinə görə, yerli əhalinin razılığı olmadan Dəmyə Görarxı kəndində SES tikilib, buna görə də kəndlərdə suvarma suyu problem yaranır.



Aksiya zamanı “Avropalı Gürcüstan”-ın Marneuli rayon təşkilatının sədri Əhməd İmamquliyev də kəndə gəldi. O, kəndlilərin problem ilə maraqlandı.



İmamquliyev onu da əlavə etdi ki, SES-in fəaliyyətinin dayandırılması üçün əhalinin birgə imzası ilə aidiyyəti orqanlara ərizə ilə müraciət edəcəklər.

Gürcüstan Melorasiyasının Xram-Debet xidmət mərkəzinin rəhbəri Aleksandre Şukakidze “Marneuli” radiosuna bildirdi ki, problem qəza vəziyyətinə görə yaranıb.

“Cari ilin iyul ayında Sadaxlı sahəsində qəza baş verdi və su çəkən qurğu xarab olub. Qurğunun tam sıradan çıxması və bütün Dəmyə Görarxının və Qasımlı-Ağməmmədli zonasının kəndlərinin susuz qalacağı təhlükəsi var idi. Yeddi gün ərzində su bağlı idi, təmizləmə işləri aparıldı. Buna ehtiyac var idi, çünki bu maneə ekoloji metodlarla aradan qaldırılmalı idi. Buradan irəli gələrək şənbə günü qəzalı hissə bərpa edildi, bazar günü bir az su verdik və bazar ertəsindən artıq test prinsipi ilə suyun verilməsinə başladıq. İndi çalışırıq Ağməmmədli və Qasımlıda ehtiyac olduğu qədər su verək. Hazırda Ağməmmədlidə suyun verilməsi problemi həll olunub. Orada adi rejimdə sahələri suvarırlar. Sabah və biri gün yenə də qəza baş verən hissələrdə vəziyyətə baxılacaq”,
– Aleksandre Şukakidze dedi.



Aleksandre Şukakidzenin dediyinə görə, hazırda Ağməmmədli kəndinə suyun verilməsi bərpa olunub və kəndə su adi rejimdə verilir.









Print Email
FaceBook Twitter Google