“Biz su kanalizasiya layihəsini bitirənə kimi Marneulidə infrastruktur, yol layihələri başlamayacaq”, – Zaur Darğallı
“Qeyd edim ki, biz su kanalizasiya layihəsini bitirənə kimi Marneulidə infrastruktur, yol layihələri başlamayacaq”, – bu sözləri Marneuli meri Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı dedi. Onun sözlərinə görə, Marneuli şəhəri, Qızılhacılı kəndi, Candar qəsəbəsi, Tsereteli və Saimerlo kəndləri tam olaraq 24 saatlıq içməli su ilə təmin olunacaq.

“Marneuli şəhəri, Qızılhacılı kəndi və Candar qəsəbəsi mərkəzləşdirilmiş kanalizasiya sistemi ilə təmin olunacaq. Bu bizim üçün tarixi bir layihədir. Düşünürəm ki, plana əsasən biz 2021-ci ilə qədər, bu layihəni sona çatdıracağıq və ən önəmlisi odur ki, ondan sonra biz şəhərdə geniş miqyaslı infrastruktur layihələrinə başlayacağıq. Bu bütün küçələrin asfaltlaşdırılması və şəhərin abadlaşdırılmasıdır”,
– Zaur Darğalı dedi.

Marneuli merinin sözlərinə görə, su və kanalizasiya layihəsi başa çatdıqdan sonra Marneulidə geniş quruculuq işləri həyata keçiriləcək.

“Bizim məqsədimiz odur ki, daxili alt xətlər tamamilə çəkilsin, ondan sonra biz tez bir vaxtda, eyni zamanda bütün şəhərdə yerləşən yol infrastrukturunu bir ilin içində sona çatdırıb, bitirək. Həmçinin şəhərin abadlaşdırılması, Rustaveli küçəsinin yenidən qurulması, səkilər, yol və s. bunlarla bağlı da geniş planımız var. Ancaq ilk növbədə yol çəkilməlidir”, – Zaur Darğallı dedi.

Zaur Darğallı onu da bildirdi ki, sentyabr ayından Marneulidə yeni sərnişin avtobusları hərəkət edəcək.

“Nəqliyyatla bağlı bilirsiniz ki, əhaliyə söz verdiyimiz kimi 5 yeni avtobus almışıq. Hansı ki, sentyabr ayında artıq Marneulidə olacaq və əhali təmin ediləcək. Mərhələli şəkildə ildən-ilə biz yerli əhali üçün nəqliyyatı da çoxaldacağıq. Bunun sayını artıracağıq ki, bütün istiqamətlərdə – həm kəndlərdə, həm də yerlərdə əhali bələdiyyə nəqliyyatından istifadə edə bilsin”, – Zaur Darğallı dedi.

Qeyd edək ki, Marneuli və Bolnisi bələdiyyələrində yeni su xəttinin çəkilməsi və kanalizasiya sisteminin yenidən qurulması işləri həyata keçirilir. Layihəni “Şəhər Xidmətinin Yaxşılaşdırılması Üzrə Sərmayə” proqramı çərçivəsində Asiya İnkişaf Bankı maliyyələşdirir və layihənin dəyəri 55 940 022 dollardır.

Marneuli meriyası beş yeni avtobusun alınması ilə bağlı da “GT Group”-la artıq müqavilə bağlayıb. Avtobusların alınması üçün cari ilin yerli büdcəsindən 1 311 000 lari ayrılıb.



Print Email
FaceBook Twitter Google