Sadaxlı kənd sakini 16 yaşlı Məhəmməd Əliyev müalicə olunmaq üçün
dövlətdən kömək istəyir.
Məhəmməd Əliyev 2012-ci ilin yanvar ayında, 8 yaşı olarkən
avtomobilin onu vurması nəticəsində ağır xəsarətlər alıb.
Məhəmmədin anası Aygün Qaracayevanın sözlərinə görə, qəzanı törədən
şəxs imkanlı olduğu üçün onu dərhal Tbilisidə yerləşən
xəstəxanalardan birinə aparıb. Məhəmməd 12 gün Tbilisidə
xəstəxanada qalıb. Qaracayeva deyir ki, həkimlər 12 gün onları
aldadaraq övladının səhhətinin qaydasında olduğunu deyiblər. O,
deyir ki, Məhəmməd həmin vaxt komada olub və həkimlər onları
aldatdıqları üçün övladını xəstəxanadan çıxararaq Tbilisidə
yerləşən İaşvili klinikasına köçürməli olublar. M.Əliyev 6 ay həmin
xəstəxanada komada yatıb.
Ananın sözlərinə görə, qəzanı törədən şəxs Ermənistan vətəndaşı
olduğu üçün 12 gündən sonra ölkəni tərk edib və Məhəmmədin səhhəti
ilə maraqlanmayaraq Ermənistana qayıdıb. O, həmin gündən etibarən
dövlət tərəfindən Məhəmmədə yardım göstərildiyini, lakin bu
yardımın müalicə olunması üçün yetərsiz olduğunu bildirdi. Buna
görə də valideynlər hər dəfə müalicəni gecikdirir və Məhəmmədin
səhhətində hər gün yeni bir xəstəlik üzə çıxır.
“İndi dövlət sağ olsun kömək edir. Əməliyyat olunmaq
üçün, pensiya almaq üçün kömək edirlər. Amma mənim uşağıma çox
kömək lazımdır. Başından zərbə alıb, bədənindən dalağı çıxardılıb.
Yaxşı müalicə etdirə bilmədik, ayaqları əyildi, serebral iflic
oldu. Bir az keçdikdən sonra epilepsiya əmələ gəldi. İki qızım var,
tələbədirlər, oxuyurlar. İkimiz də müəllimik. Müəllim maaşı ilə
ancaq təmin edirik. Kredit götürüb müalicə etdiririk, sonra krediti
ödəyənə kimi yenə də gecikir. Mən dövlətdən yardım gözləyirəm,
dövlət dəstək göstərsin. Mənim uşağımın xəstəliyinin müalicəsi var.
Yaxşı imkanlı şəxslər var. Hər yerə müraciət etmişik, Azərbaycana,
Gürcüstana. Getmədiyimiz yer yoxdur, amma bizi qane edən heç bir
cavab almamışıq. Dövlətdən, imkanlı şəxslərdən xahiş edirəm ki,
mənim uşağıma kömək etsinlər”, – Aygün Qaracayeva
dedi.
Qaracayeva deyir ki, övladı xəstəxanadan çıxdıqdan sonra Azərbaycan
Respublikasına da onlara yardım göstərməsi üçün müraciət ediblər.
Həmin vaxt onlara Məhəmmədin 17 yaşı tamam olanadək yardım
göstəriləcəyini desələr də, bu yardım cəmi 3-4 ay davam edib.
“Azərbaycan dövləti kömək etdi, dedi 17 yaşa qədər
kömək edəcəyik, amma 3-4 ay sonra yardım dayandı. Sonra biz
dəfələrlə müraciət etdik ki, yardım nəyə görə dayanıb, amma heç bir
cavab ala bilmədik. Bizim kəndimizin deputatı da kömək etdi sağ
olsun”, – Aygün Qaracayeva dedi.
Məhəmmədin anası deyir ki, övladı utandığı üçün məktəbə də gedə
bilmir. O, müəllimə olduğu üçün övladını özü ilə birlikdə məktəbə
aparır və dərslərdən qalmaması üçün əlindən gələni edir. Qaracayeva
bildirdi ki, Məhəmməd məktəbə getdiyi zaman şagirdlər onu ələ salır
və vəziyyətinə gülürlər. Buna görə də Məhəmməd dövlət tərəfindən
xüsusi müəllimlə təmin olunub.
Ailəyə yardımın olunub-olunmaması ilə bağlı Bələdiyyə məclisinin
üzvü Rövşən İsgəndərovla əlaqə saxladıq. O, “Marneuli” radiosu ilə
söhbəti zamanı ailəyə şəxsən kömək etdiyini bildirdi.
“Bu məsələ ilə bağlı onu deyə bilərəm ki, biz el
birliyi ilə onlara kömək etmişik. Amma onun həkimi ilə bağlı elə
ciddi yardımlar olunmayıb. Müraciət etmişik, özləri də şəxsən
müraciət ediblər.”