Sosial yardımın kifayət etmədiyini deyən valideynlər övladının müalicəsi üçün dövlətdən yardım istəyirlər
Sadaxlı kənd sakini 16 yaşlı Məhəmməd Əliyev müalicə olunmaq üçün dövlətdən kömək istəyir.

Məhəmməd Əliyev 2012-ci ilin yanvar ayında, 8 yaşı olarkən avtomobilin onu vurması nəticəsində ağır xəsarətlər alıb. Məhəmmədin anası Aygün Qaracayevanın sözlərinə görə, qəzanı törədən şəxs imkanlı olduğu üçün onu dərhal Tbilisidə yerləşən xəstəxanalardan birinə aparıb. Məhəmməd 12 gün Tbilisidə xəstəxanada qalıb. Qaracayeva deyir ki, həkimlər 12 gün onları aldadaraq övladının səhhətinin qaydasında olduğunu deyiblər. O, deyir ki, Məhəmməd həmin vaxt komada olub və həkimlər onları aldatdıqları üçün övladını xəstəxanadan çıxararaq Tbilisidə yerləşən İaşvili klinikasına köçürməli olublar. M.Əliyev 6 ay həmin xəstəxanada komada yatıb.

Ananın sözlərinə görə, qəzanı törədən şəxs Ermənistan vətəndaşı olduğu üçün 12 gündən sonra ölkəni tərk edib və Məhəmmədin səhhəti ilə maraqlanmayaraq Ermənistana qayıdıb. O, həmin gündən etibarən dövlət tərəfindən Məhəmmədə yardım göstərildiyini, lakin bu yardımın müalicə olunması üçün yetərsiz olduğunu bildirdi. Buna görə də valideynlər hər dəfə müalicəni gecikdirir və Məhəmmədin səhhətində hər gün yeni bir xəstəlik üzə çıxır.

“İndi dövlət sağ olsun kömək edir. Əməliyyat olunmaq üçün, pensiya almaq üçün kömək edirlər. Amma mənim uşağıma çox kömək lazımdır. Başından zərbə alıb, bədənindən dalağı çıxardılıb. Yaxşı müalicə etdirə bilmədik, ayaqları əyildi, serebral iflic oldu. Bir az keçdikdən sonra epilepsiya əmələ gəldi. İki qızım var, tələbədirlər, oxuyurlar. İkimiz də müəllimik. Müəllim maaşı ilə ancaq təmin edirik. Kredit götürüb müalicə etdiririk, sonra krediti ödəyənə kimi yenə də gecikir. Mən dövlətdən yardım gözləyirəm, dövlət dəstək göstərsin. Mənim uşağımın xəstəliyinin müalicəsi var. Yaxşı imkanlı şəxslər var. Hər yerə müraciət etmişik, Azərbaycana, Gürcüstana. Getmədiyimiz yer yoxdur, amma bizi qane edən heç bir cavab almamışıq. Dövlətdən, imkanlı şəxslərdən xahiş edirəm ki, mənim uşağıma kömək etsinlər”, – Aygün Qaracayeva dedi.

Qaracayeva deyir ki, övladı xəstəxanadan çıxdıqdan sonra Azərbaycan Respublikasına da onlara yardım göstərməsi üçün müraciət ediblər. Həmin vaxt onlara Məhəmmədin 17 yaşı tamam olanadək yardım göstəriləcəyini desələr də, bu yardım cəmi 3-4 ay davam edib.

“Azərbaycan dövləti kömək etdi, dedi 17 yaşa qədər kömək edəcəyik, amma 3-4 ay sonra yardım dayandı. Sonra biz dəfələrlə müraciət etdik ki, yardım nəyə görə dayanıb, amma heç bir cavab ala bilmədik. Bizim kəndimizin deputatı da kömək etdi sağ olsun”, – Aygün Qaracayeva dedi.

Məhəmmədin anası deyir ki, övladı utandığı üçün məktəbə də gedə bilmir. O, müəllimə olduğu üçün övladını özü ilə birlikdə məktəbə aparır və dərslərdən qalmaması üçün əlindən gələni edir. Qaracayeva bildirdi ki, Məhəmməd məktəbə getdiyi zaman şagirdlər onu ələ salır və vəziyyətinə gülürlər. Buna görə də Məhəmməd dövlət tərəfindən xüsusi müəllimlə təmin olunub.

Ailəyə yardımın olunub-olunmaması ilə bağlı Bələdiyyə məclisinin üzvü Rövşən İsgəndərovla əlaqə saxladıq. O, “Marneuli” radiosu ilə söhbəti zamanı ailəyə şəxsən kömək etdiyini bildirdi.

“Bu məsələ ilə bağlı onu deyə bilərəm ki, biz el birliyi ilə onlara kömək etmişik. Amma onun həkimi ilə bağlı elə ciddi yardımlar olunmayıb. Müraciət etmişik, özləri də şəxsən müraciət ediblər.”

"Marneuli" Radiosu
Print