Kvemo Kartli regionunda erkən evlilik hallarında qızın taleyinə çox hallarda ağsaqqallar qərar verir – Mariam Qvidiani

Marneulidə 15 yaşlı qızı qaçırıb və zorlayıblar. Faktla bağlı məlumatı 29 iyul tarixində Daxili İşlər Nazirliyi yayımlayıb.



Qızın qaçırılması və zorlanması ittihamı ilə üç nəfər saxlanılıb. Xalq Müdafiəçisi Aparatı artıq faktı araşdırmağa başlayıb. Xalq Müdafiəçisinin Gender üzrə Regional nümayəndəsi Mariam Qvidiani bildirdi ki, ümumiyyətlə Xalq Müdafiəçisinin prioritet istiqamətlərindən biri qadın hüquqlarının müdafiəsi və gender bərabərliyidir.

“Təəssüf ki, qeyd olunan məsələlər, erkən yaşda evlilik halları Kvemo Kartli regionunda çox ciddi şəkildə qalmaqdadır. Tendensiya olaraq nişanlanma hallarını fərqləndirərdim. Buna guya ki, adət adı verərək bəraət qazandırırlar, ancaq çox hallarda məlum olur ki, bu yetkinlik yaşa çatmamış şəxsin öz qərarı deyil. Eləcə də təəssüf ki, qanunsuz azadlıqdan məhrum etmə halları qeydə alınır. Bununla bağlı Xalq Müdafiəçisi hesab edir ki, əsas qabaqlayıcı tədbir məhz məlumatlandırmadır. Çünki bu kişinin stereotipli düşüncəsinə bağlıdır ki, “qadın onun mülküdür və onu qanunsuz şəkildə azadlıqdan məhrum edə bilər.”

Mariam Qvidiani hesab edir ki, dövlətin bu kimi məsələlər olan halda əsas görəcəyi iş məlumatlandırma səviyyəsinin artırılması və qabaqlayıcı tədbirlərin gücləndirilməsidir.

“Xalq Müdafiəçisi tərəfindən etnik azlıqların nümayəndəsi olan qızlara qarşı törədilən, erkən evləndirilmə halları ilə yanaşı baş verən cinayətlərə və risklərə müvafiq reaksiya göstərilə bilmir. Hesab edirik ki, bu əlbəttə belə cinayətlərə həvəsləndirmə yaradır. Hər bir hala vaxtında reaksiya göstərilməzsə, zorakılıq törədən şəxsdə təsəvvür yaranır ki, məsuliyyətə cəlb olunmayacaq.”

Xalq Müdafiəçisinin Gender üzrə regional nümayəndəsi deyir ki, iş prosesində onların qarşılaşdığı problemlərdən biri odur ki, fakt səs-küyə səbəb olub icitmailəşdirilən zaman onun üzərində çalışmalara başlanılır. Digər hallarda hər bir iş tam araşdırılmır və monitorinq aparılmır. Bu geniş problemdir və yalnız bir qurum bunu həll edə bilməz.

“Kvemo Kartli regionunda erkən yaşda evlənmə halında qızın taleyinə çox hallarda kəndin ağsaqqalları qərar verir. Bizim tərəfimizdən işlərin araşdırılması prosesi zamanı bu tendensiya aydın idi. Qeyd edək ki, dövlət tərəfindən bu zaman reaksiya vaxtından gec göstərilir və nəticəsiz olur. Bu yerlərdə təsiri olan şəxslərə hesab verilməsi ilə də izah edilə bilər. Sanki elə təəssürat yaranır ki, bu ailələrin barışması ilə bağlı hansısa gözləntilər mövcuddur. Bu zaman yetkinlik yaşına çatmamış şəxsin öz hüquqları ilə mübarizə aparmaması üçün qızın ailəsinə təsir göstərilmə təhlükəsi var.”

Qvidiani bildirdi ki, bu kimi hallar baş verən zaman qabaqlayıcı tədbirlərin gücləndirilməsi və bütün hədəf qrupların risklərlə bağlı məlumatlandırılması vacibdir.

 

 

Print Email
FaceBook Twitter Google