Marneuli sakinləri şəhərdə çəkilən kanalizasiya və su xətlərinin onların hərəkətinə maneçilik törətməsindən şikayətlənirlər
Marneuli şəhərində bir neçə aydır ki, kanalizasiya və su xətlərinin çəkilişinə başlanılıb. Şəhərin Jordaniya, Səməd Vurğun, 26 may və digər bir sıra küçələrdə işlər həyata keçirilir. Layihə işləri 2021-ci ilə qədər başa çatdırılmalıdır. Buna görə də işlər sürətlə həyata keçirilir. Amma sakinləri bir problem narahat edir. Onların sözlərinə görə, şəhərdə çəkilən kanalizasiya və su xətləri onların hərəkətinə maneçilik törədir. Belə ki, küçələrdə asfalt qatları sıradan çıxıb və avtomobillə hərəkət etmələrində çətinlik yaradır. Sakinlər ümid edirlər ki, layihə tez bir zamanda bitəcək.



Marneuli meri Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, su-kanalizasiya layihəsi başa çatanadək Marneulidə infrastruktur, yol layihələri başlamayacaq. Onun sözlərinə görə, Marneuli şəhəri, Qızılhacılı kəndi, Candar qəsəbəsi, Tsereteli və Saimerlo kəndləri tam olaraq 24 saatlıq içməli su ilə təmin olunacaq.



Marneuli merinin sözlərinə görə, su və kanalizasiya layihəsi başa çatdıqdan sonra Marneulidə geniş quruculuq işləri həyata keçiriləcək.



Qeyd edək ki, Marneuli və Bolnisi bələdiyyələrində yeni su xəttinin çəkilməsi və kanalizasiya sisteminin yenidən qurulması işləri həyata keçirilir. Layihəni “Şəhər Xidmətinin Yaxşılaşdırılması Üzrə Sərmayə” proqramı çərçivəsində Asiya İnkişaf Bankı maliyyələşdirir və layihənin dəyəri 55 940 022 dollardır.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər