Bu gün, 3 avqust tarixində Sadaxlı inzibati ərazi vahidliyinə daxil
olan Burma və Təzəkənd kəndinin sakinləri Marneuli meriyası
qarşısına toplaşaraq yol infrastrukturunun qaydaya salınmasını və
içməli su probleminin aradan qaldırılmasını tələb edirlər.
İllərdir kəndin yolunun təmirsiz vəziyyətdə olduğunu deyən Təzəkənd
sakinləri bildirirlər ki, artıq 4 ilə yaxındır ki, onlara
kəndlərinin yollarının asfaltlanması ilə bağlı vəd verilib. Onlar
deyirlər ki, Sadaxlı, Xuldərə və Mollaoğlu kəndlərinin yollarına
asfalt qatı çəkilməsinə baxmayaraq Təzəkənd kəndinin yolları hələ
də təmirsizdir.
Sakinlər dəfələrlə Marneuli meriyasına yazılı surətdə müraciət
etmələrinə baxmayaraq hələ də problemin həll olunmadığını
deyirlər.
“Bizim kəndin yolu yoxdur. Sərhəddə yaşayırıq. Yol
problemi hamıdan əvvəl bizə söz verilmişdi. Afaltı yoxdu yolumuzun.
Zaur Darğallı mer olmaq üçün səs yığmağa gələndə kişi kimi söz
verdi ki, mən seçildimsə sizin yolunuz mütləq düzələcək. İndi seçki
gəlir yolumuz hələ də düzəlməyib. Biz Gürcüstan vətəndaşı
deyilikmi? haqqımız yoxdurmu? Gürcüstanın bir kəndə yol çəkmık
imkanı yoxdurmu?”– Təzəkənd kənd sakini Həmid
Vəlioğlu dedi.
Burma kənd sakini Elməddin Cəfərov isə kənddə içməli su probleminin
olduğunu və meriya tərəfindən 2 avqust tarixinə qədər su
probleminin aradan qaldırılacağı deyilsə də problemin öz həllini
tapmadığını bildirdi.
Bu gün təxminən 40 nəfər kənd sakini meriya qarşısına toplaşıb.
Burma və Təzəkənd kəndlərinin sakinləri kənddə içməli su
probleminin aradan qaldırılmasını və yollarının asfaltlanaraq təmir
olunmasını tələb edirlər.
Səhər saatlarından etibarən meriya qarşısına toplaşan sakinlər Zaur
Darğallının gəlməsini gözləyirlər.