"Era" tetrı yeni ofisinin açılışını edib
2 avqust tarixində Tbilisi şəhərində “Era” teatrının yeni ofisinin açılışı olub.

Tbilisi Azərbaycan Dövlət Dram teatrının keçmiş aktyor və rejissoru, “Era” teatrının bədii rəhbəri Anar Rafiqoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı artıq 2 aydır ki, yeni ofisə yerləşdiklərini, lakin rəsmi açılışın 2 avqust tarixində baş tutduğunu bildirdi. O, “Era” komandasının böyüdükcə köhnə ofisin onlar üçün kiçik olduğunu dedi.

Rafiqoğlu Azərbaycan Diaspor Komitəsinə dəstək fonduna yeni ofislə bağlı layihə yazdıqlarını və gənclərin daha rahat işləyə bilmələri üçün yerlərini dəyişmək fikrini irəli sürdüklərini dedi.

“Biz layihə yazdıq ki, Era teatrı olaraq burada gənclərin bir məkanını yaratmaq istəyirik. Hansı ki, bu gənclər gəlib orada teatr təhsili ala bilərlər. Era teatrının üzvü olub tamaşalara çıxa bilərlər. Məqsəd bundan ibarət idi. Bizim aktyorluğa böyük maraq göstərən gənclərimiz var, biz də bu marağı daha da çoxaltmaq istəyirik. Buna görə də böyük məkana keçməyimiz şərt idi.”


Aktyor hal-hazırda teatrda kursların davam etdiyini və bir çox kəndlərdən aktyorluğa marağı olan gənclərin kurslara cəlb olunduğunu bildirdi. O, “Aktyorluq, teatr və kino” kurslarında Marneulidən də daxil olmaqla 10 tələbənin iştirak etdiyini dedi.

Anarın sözlərinə görə, pandemiya onların bir çox planlarına mane olub. O, pandemiyadan əvvəl Türkiyənin Denizli şəhərində keçirilən Beynəlxalq teatr festivalına gedecəklərini, lakin pandemiyadan sonra sərhədlərin bağlanması nəticəsində bu planın təxirə düşdüyünü bildirdi.

“Sərhədlərin bağlanması, virusa görə teatrların bağlanması bizim əlimizi-qolumuzu bağladı. Sadəcə hazırda dərslərimizi keçirik. Əlbəttə fərqli şeylər etməyi düşünürük. Mütəmadi olaraq kino gecəsi təşkil etmək istəyirik və orada Gürcüstanın, Azərbaycanın eləcə də dünyanın məşhur, şedevr sayılan filmlərini nümayiş etdirmək istəyirik. Eləcə də sadəcə kino deyil, mədəniyyətə aid burada sıx-sıx tədbirlər etməyi düşünürük.”

O, bildirdi ki, pandemiya ilə əlaqədar olaraq teatrların açılması müddəti uzanarsa, həmin vaxt onlayn yolla tamaşalar təşkil edəcək və tamaşaçılara bu şəkildə tamaşalarını təqdim edəcəklər.
Print Email
FaceBook Twitter Google