“Vahid Qafqaz” festivalı bu il fərqli formada keçiriləcək
Marneuli Bələdiyyəsində “Vahid Qafqaz” festivalı bu il də keçiriləcək. Tədbir koronavirusun yayılmasının qarşısının alınmasına görə dəyişik formada baş tutacaq. Festivalın Gürcüstandakı rəhbəri İrakli Mikiani bizimlə söhbəti zamanı bildirdi ki, iştirakçıların sağlamlığının qayğısına qalmaq üçün maksimum dərəcədə hazırdırlar. Tədbir Səhiyyə Nazirliyinin verdiyi tövsiyələr əsasında keçiriləcək.

“Bu ilki festivalla bağlı müəyyən səbəblərə görə qərar verdik ki, keçirək. Bunun çox səbəbi var, həmçinin, yerli sakinlər də bizim tədbirləri gözləyirlər. Xoşbəxtlikdən, yaxud bədbəxtlikdən bizim tədbirə və özlərinin işlə təmin olunmasına o qədər bağlanıblar ki, biz bu il festivalın keçirilməsinə qərar verdik. Digər tərəfdən təhlükəlidir və buna baxmayaraq, bütün lazım olan normaları və Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl edəcəyik. Tədbirdə 1000 nəfər olmayacaq. Bizim 200 nəfəri gətirmək hüququmuz var. Biz heç kimin sağlamlığına zərər dəyməməsi üçün əlimizdən gələni edəcəyik.”

İrakli Mikiani bildirdi ki, festival 27-30 avqust tarixlərində keçiriləcək. Ancaq ənənəvi toplantı yeri yalnız Tserakvi olmayacaq. Tədbir üç kənddə keçiriləcək.

“İndiki məlumata görə, konsertlər gürcü, erməni və azərbaycanlıların məntəqələrində keçiriləcək. İstəyirik ki, bir gün Sadaxlıda, bir gün Şaumyanidə və bir gün isə Tserakvidə konsert olsun. Festivala çox adam gəlməməsi üçün festival özü əhalinin yanına gedəcək. Məsələn, Şaumyanidən Tserakviyə gələnlər üçün indi Şaumyanidə konsert baş tutacaq və eləcə də onlayn platformadan da istifadə edəcəyik. Tədbirdə iştirak etməyənlər onlayn izləyə də bilərlər.”

Bu ilki festivala ötən illərdə olduğu kimi müxtəlif ölkələrdən könüllülər gətirə bilməyəcəklər.

“Bu il heç kimi gətirə bilmirik. Ancaq yenə də əsas arxitektorun Azərbaycandan gəlməsini, Azərbaycanlı müğənnilərin gətirilməsini də istəyirik. Baxaq necə mümkün olacaq. Bizim könüllülər proqramına bu il yüz nəfər qeydiyyatdan keçib. Buradan seçdiklərimizin əksəriyyəti Gürcüstanın sakinləridir. Əgər heç kim sərhəddən keçə bilməsə, yenə də bizim komandada altı ölkənin nümayəndəsi olacaq.”

“Vahid Qafqaz”-un təşkilatçıları indi festivalın planlaşdırılması prosesindədirlər. Tədbirə yerli özünüidarə də maddi yardım göstərəcək. Marneulidə “Vahid Qafqaz” festivalı beşinci dəfədir ki keçirilir.




Print Email
FaceBook Twitter Google