Xəbərlər
“GAİM”-in icraçı direktoru Aygül İsayeva vəzifəsini rəsmi olaraq tərk etdi
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin keçmiş İcraçı direktoru Aygül İsyayeva bu gündən etibarən rəsmi olaraq İnteqrasiya Mərkəzində olan vəzifəsini tərk edir.

1 ildən artıqdır ki, Marneulidə fəaliyyət göstərən mərkəzin keçmiş direktoru Aygül İsayeva “Marneuli” radiosu ilə söhbəti zamanı vəzifəsini tərk etdiyi günə qədər gördüyü işlər barədə məlumat verdi. O, mərkəzdə bir çox işlərin görüldüyünü, gənclərlə daim ünsiyyətdə olduqlarını və hər dəfə gənclərin marağını cəlb etmək üçün faydalı yeniliklər etdiklərini bildirdi.

“İnteqrasiya Mərkəzində çox böyük işlər görüldü. Hər gün bizdə hansısa bir tədbir, yığıncaq olurdu. İlk olaraq 7 kursla başladıq. Fəaliyyətimizi yalnız kurslarla məhdudlaşdırmadıq. Layihədə nəzərdə tutulmayan, imkanımızın olduğu qədər fərqli işlər də görməyə çalışdıq. “Gənc Liderlər” adlı yay və qış məktəbi təşkil etdik. Müxtəlif mövzular üzrə Beynəlxalq və yerli təşkilatların nümayəndələri ilə gəncləri görüşdürdük. “Era” teatrı ilə qısametrajlı layihəmiz oldu. Yunus Əmrə oxuculuq kursuna başladıq Gəncləri tarixi yerlərə aparırdıq ki, kitabda oxuduqları ilə kifayətlənməsinlər və əyani olaraq da tanış olsunlar. Gəncləri həm azərbaycanlıların tarixini əks etdirən, həm gürcü xalqına məxsus olan muzeylərə apardıq. Gənclər heç vaxt mərkəzə boş-boşuna gəlməyiblər. Həmişə nəticə artıb. Könüllülər qrupumuz da var idi, hər həftə yığıncaqlar, debatlar olurdu.”

İsayeva deyir ki, Marneuli və Bolnisi bələdiyyələri daxil olmaqla ümumilikdə mərkəzdə 600 tələbə təhsil alıb. O, gənclərlə işləməyin maraqlı olduğunu bildirdi. İsayeva tələbələrlə münasibətinin səmimi olduğunu və vəzifəsini tərk etməsi xəbərindən sonra bir çox tələbənin işdən uzaqlaşmaması üçün onunla əlaqə saxladığını dedi.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin yeni icraçı direktoru haqqında da danışan Aygül İsayeva yeni direktorun mərkəzə doğma olduğunu dedi. O, yeni icraçı direktorun GAİM-in idarə heyətinin üzvü və həmtəsisçilərindən biri olan, şair, yazıçı, publisist, tərcüməçi Rafiq Hümmətin təyin edildiyini bildirdi. İsayeva Rafiq Hümmətin təcrübəsinin çox olduğunu və məktəbdə də işlədiyi üçün müəllim və tələbələrlə ünsiyyətinin yaxşı olduğunu bildirdi. O, Rafiq Hümmətin təcrübəsinin onun təcrübəsindən daha çox olduğunu dedi.

Gələcək planları barədə sualı da cavab olaraq İsayeva gələcəklə bağlı planlarının çox olduğunu və hələ ki, bu barədə danışmaq istəmədiyini dedi.

Qeyd edək ki, 2019-cu ilin aprelində Kvemo Kartlinin 5 bələdiyyəsindən olan 5 nəfər gənc tərəfindən açılan mərkəzdə tələbələrə Azərbaycan dili, gürcü dili, ingilis dili, Gürcüstan, Azərbaycan və dünya tarixi, gimnastika və cüdo kursları, eləcə də fərqli aktivliklər, maarifləndirici görüşlər təqdim olunur.
Mərkəz Gürcüstan Azərbaycanlılarının inteqrasiyasına dəstək olmaq məqsədi ilə açılıb.
FaceBook Twitter Google