Marneulili gənc xarici ölkədə təqaüdlə magistraturaya qəbul oldu
Marneuli rayonunun Kirəç Muğanlı kəndindən olan 21 yaşlı Təhmasib Mollaəyyublu Cənubi Koreyanın “Ajou” universitetinə təqaüdlə magistraturaya qəbul olub.
O, 2016-cı ildə Bakı şəhərində Məktəb Lisey kompleksinin 11b sinifini yüksək qiymətlərlə bitirib. Daha sonra hazırlıq kurslarına gedərək ali məktəbə qəbul üçün çalışıb.

T.Mollaəyyublu kiçik yaşlarından rəsm çəkməyə böyük bir marağının olduğunu deyir. O, rəsmə olan həvəsindən irəli gələrək ali təhsilini davam etdirmək üçün “Azərbaycan Memarlıq və İnşaat Universitetinin” “Memarlıq” fakültəsinə qəbul olub.

“Hər kəs kimi 9-cu sinifdə hansı peşənin sahibi olacağım haqda düşünməyə başladım. Həmin vaxtdan memarlıq haqqında marağımı çəkən bir çox məlumatları bir araya topladım. Mən də memar ola bilərəm deyə düşündüm və sonra bu ixtisas üzrə təhsil alacağam deyə özümə söz verdim”,
– Təhmasib Mollaəyyublu deyir.

O, ali təhsilini başa vurduqdan sonra Bakıda qalıb peşəsi üzrə işləmək və daha çox təcrübə qazanmaq istəyib. Amma buna qədər o, hələ ikinci kursda oxuyarkən təhsil aldığı ixtisas üzrə işləyib. Mollaəyyublu “Atalight Lighting and Supply” şirkətində işıq dizayneri, “Miray MMC”-də “Junior Architect” vəzifəsində, daha sonra isə Azərbaycanın ən böyük tikinti şirkətlərindən biri olan “NorthWest Construction” şirkətində “Site Architect” olaraq işləməyə başlayıb. O, ali təhsilini başa vurduğu zaman təhsilini davam etdirmək qərarına gəlib. Təhmasib həmin gündən xarici ölkələrdə memarlıq peşəsi üzrə daha çox təcrübəyə yiyələnmək üçün müxtəlif ölkələrə sənədlərini göndərib.

“Qəbul zamanı əsasən ümumi ortalama göstərici nəzərə alınır. Bu isə dörd il ərzində universitetdə oxuduğunuz müddətdə aldığınız bütün balların ortalama göstəricisidir. Məndə bu 100 üzərindən 84-dür. Xaricə sənəd göndərmək üçün isə minimum 71 balın olmalıdır. Bundan əlavə dil səviyyəsini göstərən sənədlər, motivasiya məktubları, professorların verdiyi tövsiyə məktubları və bu kimi bir çox sənədlər lazım gəlir. Mən İtaliya, Estoniya, Çexiya və Cənubi Koreya ölkələrinə sənədlərimi göndərdim. İtaliyada Milan Politexnik Universitetinə qəbul oldum. (İtaliyada 1-ci yerdədir, Memarlıq üzrə isə dünyada 7-ci yerdədir). Estoniyada “Estonian Academy of Art” universitetinin Şəhərsalma elmləri ixtisasına qəbul oldum. Çexiyanın “Brno Technic” universitetinin memarlıq ixtisasına və həmçinin Koreyanın “Ajou” universitetinə qəbul oldum. Bu universitetlərin içərisindən fərqli olduğu üçün Koreyanın Ajou universitetini seçdim”, – Təhmasib Mollaəyyublu dedi.

Təhmasib gələcəklə bağlı arzularının böyük olduğunu, iş həyatında uğurlu olmaq üçün qarşısına bir çox məqsədlər qoyduğunu deyir. O, gələcəkdə universitetdə tələbələrə seminarlar keçmək və öz biliyini gələcək nəsillərə də ötürmək istəyinin olduğunu bildirdi.

T.Mollaəyyublunun sözlərinə görə, bu günə qədər ən böyük dəstəkçisi valideynləri olub.

“Ən böyük dəstəyi valideynlərimdən görmüşəm. Onlar hər zaman mənə inanıb, ruhdan düşməmək üçün dəstək olublar. Onlar olmasa idi, bəlkə də heç bir nailiyyət qazanmazdım. Həyatda hər şeyi onlara borcluyam. Onlar mənim heç nədən geri qalmamağım üçün çox çalışıblar.”

Təhmasib universitetdə oxuduğu illərdə ən yaxın dostunun da ona daim işlərində kömək etdiyini və dostuna təşəkkür borclu olduğunu dedi. O, məqsədə çatmaq üçün çalışmağın və ruhdan düşməməyin vacib olduğunu bildirdi.

"Marneuli" Radiosu
Müəllif: Pərvin Hacıyeva
Print Email
FaceBook Twitter Google