Marneuli və Qardabani dairəsində ilk qadın majoritar namizəd
“Gürcüstan” partiyası Marneuli və Qardabanidən majoritar deputatlığa namizəd olaraq Gülsəfa Ayvazovanı elan edib.

Gülsəfa Ayvazova indiki mərhələdə Marneuli və Qardabani dairəsində yeganə qadın namizəddir.

“Gürcüstan” partiyasının sədri Qiorqi Liluaşvilinin “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, Gülsəfa Ayvazova Marneuli ziyalılarının nümayəndəsidir. O, illər ərzində Marneulinin Sadaxlı kəndində məktəb direktoru olub və Ayvazovanın majoritar deputatlığa namizəd elan olunmasına da məhz bu səbəb olub.

“Gülsəfa xanım gürcü dilini bilir, ancaq məsələ ondadır ki, onun xidmət göstərdiyi regionda (Marneuli) heç kim gürcü dilində danışmır. Həmin regiona gürcünü də göndərsən gürcü dilini unudacaq və buradan irəli gələrək həmin regionda bu problem mövcuddur və biz bu problemi ön plana çəkmək istəyirik. Azərbaycanlı əhali gürcü dilinin tədrisini tələb edir və bu zaman hakimiyyət tərəfindən dəstək göstərmək əvəzinə maneçilik edirlər”, – Qiorqi Liluaşvili dedi.

“Gürcüstan” partiyasının sədri eləcə də bildirdi ki, Gülsəfa Ayvazovanın Marneuli və Qardabanidə namizədliyini irəli sürmək regiondakı gender problemlərindən də irəli gəlir.

Gülsəfa Ayvazova Marneuli və Qardabaninin majoritar deputatı olarsa, gürcü dilini bilmədiyinə görə Parlament fəaliyyətində necə iştirak edəcək sualına cavab olaraq Liluaşvili qeyd etdi ki, Parlamentdə gürcü dilini indi də heç kim bilmir.

“Parlamentdə oturan əvvəlki deputatlardan da heç biri gürcü dilini bilmirdi. Ümumiyyətlə yazıb oxumaq bilmirlər. Gülsəfa Ayvazova gürcü dilini bilir, sadəcə ünsiyyət problemi var. Çünki onun yaşadığı regionda (Marneuli) heç kim gürcü dilini bilmir”,
– Qiorqi Luliaşvili bildirdi.

“Marneuli” radiosu bu gün, 23 sentyabr tarixində Gülsəfa Ayvazova ilə əlaqə saxlamağa cəhd etdi. Onun baxışları və seçicilərə nə vəd etməsi ilə maraqlandıq. Ancaq zəngimizə onun övladı cavab verdi və bizə söz verdi ki, Ayvazova sabah müsahibə verəcək.


Print Email
FaceBook Twitter Google