“Gürcüstan” partiyası Marneuli və Qardabanidən majoritar
deputatlığa namizəd olaraq Gülsəfa Ayvazovanı elan edib.
Gülsəfa Ayvazova indiki mərhələdə Marneuli və Qardabani dairəsində
yeganə qadın namizəddir.
“Gürcüstan” partiyasının sədri Qiorqi Liluaşvilinin “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, Gülsəfa Ayvazova
Marneuli ziyalılarının nümayəndəsidir. O, illər ərzində Marneulinin
Sadaxlı kəndində məktəb direktoru olub və Ayvazovanın majoritar
deputatlığa namizəd elan olunmasına da məhz bu səbəb olub.
“Gülsəfa xanım gürcü dilini bilir,
ancaq məsələ ondadır ki, onun xidmət göstərdiyi regionda (Marneuli)
heç kim gürcü dilində danışmır. Həmin regiona gürcünü də göndərsən
gürcü dilini unudacaq və buradan irəli gələrək həmin regionda bu
problem mövcuddur və biz bu problemi ön plana çəkmək istəyirik.
Azərbaycanlı əhali gürcü dilinin tədrisini tələb edir və bu zaman
hakimiyyət tərəfindən dəstək göstərmək əvəzinə maneçilik
edirlər”, – Qiorqi Liluaşvili dedi.
“Gürcüstan” partiyasının sədri eləcə də bildirdi ki, Gülsəfa
Ayvazovanın Marneuli və Qardabanidə namizədliyini irəli sürmək
regiondakı gender problemlərindən də irəli gəlir.
Gülsəfa Ayvazova Marneuli və Qardabaninin majoritar deputatı
olarsa, gürcü dilini bilmədiyinə görə Parlament fəaliyyətində necə
iştirak edəcək sualına cavab olaraq Liluaşvili qeyd etdi ki,
Parlamentdə gürcü dilini indi də heç kim bilmir.
“Parlamentdə oturan əvvəlki deputatlardan da heç biri gürcü dilini
bilmirdi. Ümumiyyətlə yazıb oxumaq bilmirlər. Gülsəfa Ayvazova
gürcü dilini bilir, sadəcə ünsiyyət problemi var. Çünki onun
yaşadığı regionda (Marneuli) heç kim gürcü dilini
bilmir”, – Qiorqi Luliaşvili bildirdi.
“Marneuli” radiosu bu gün, 23 sentyabr tarixində Gülsəfa Ayvazova
ilə əlaqə saxlamağa cəhd etdi. Onun baxışları və seçicilərə nə vəd
etməsi ilə maraqlandıq. Ancaq zəngimizə onun övladı cavab verdi və
bizə söz verdi ki, Ayvazova sabah müsahibə verəcək.