Meriya yeni zibil qutularından Daştəpəyə də verə bilər

Marneuli bələdiyyəsinin Daştəpə kəndində mərkəzi küçədə orada-burda səpələnmiş tullantıları görə bilərsiniz.


İstifadə olunmuş iynələr, şüşə və plastik su qabları, şüşə parçaları, uşaq bezləri, heyvan və quş cəsədləri – yaşayış evinin yaxınlığındakı qeyri-qanuni zibilliklər belə görünür. Əhali müsahibə verməkdən çəkinir, ancaq söhbət zamanı bildirdilər ki, zibil qutularının yetərli olmamasına görə tullantıları kənddən öz maşınları ilə aparırlar və yaxınlıqdakı zibilliyə atırlar.

Küçədə üçə yaxın zibil qutusu görmək olar. Onlar doludur, tullantılar isə ətrafına səpələnib. Məsələyə aydınlıq gətirmək üçün “Təmiz Marneuli” MMC-nin direktoru Leri Mumladze ilə əlaqə saxladıq. O, bizimlə söhbəti zamanı bildirdi ki, Daştəpə kəndində tullantılar bu gün təmizlənəcək. Yeni zibil qutularının qoyulması isə meriyanın tenderindən asılıdır.

Həmin kəndə zibil daşıyan maşın bu gün də gedəcək, bazar günü də. Təmizləmə problem olmayacaq. Hər yerdə zibil qutularının artırılması planlaşdırılır. Tenderdə qalib gələn şirkət səhv etmirəmsə, 10 oktyabra qədər 300-dən artıq zibil qutusu gətirməlidir. Xidmət göstərəcəyimiz bütün kəndlərə qutu qoyacağıq. Harada qutular yararsızdırsa, orada dəyişiləcək”, – Leri Mumladze dedi.

Qeyd edək ki, Marneuli bələdiyyəsində 83 kənd var. Demək olar Marneulinin hər kəndində ən az bir qeyri-qanuni zibillik var.

 

Print Email
FaceBook Twitter Google