Marneuli şəhərinin 3 saylı uşaq bağçasında tədris prosesi
koronavirusa görə dayandırılıb.
Bağçada işləyən aşpazda Covid-19 təsdiqlənib. O, bağça ilə yanaşı
Marneulinin tibb müəssisələrindən birində də işləyir. Bağçanın
rəhbəri Ketevan Minadzenin "Marneuli" radiosuna bildirdiyinə görə,
bağçanın iki dayəsində virus aşkarlandıqdan sonra 19 oktyabr
tarixində iki qrup bağlanıb.
Aşpaz da yoluxduğuna görə isə bağçanın bağlanmasına ehtiyac
yaranıb.
"Aşpazla təmasda olan adamların adını artıq vermişəm.
Ona qədər iki qrupu bağlamışdıq və çox ehtiyatla davranırdıq. Dünən
hamı maska taxmışdı, ehtiyat edirdik, ancaq cavab belə gəldi. İki
həftəliyinə bağçanı bağladıq. İki həftədən sonra testdən keçəcəyik
və hər şeyə qərar veriləcək. Uşaqlarla təmasda olmayıb. Koronavirus
təsdiqləndiyinə görə yalnız analarla "fortoçkadan" təmasda
olub".
İndiki mərhələdə Saimerlo kəndinin uşaq bağçası da bağlıdır. 16
oktyabr tarixində bağçanın dayəsində virus aşkarlanıb. Marneulidə
daha 10 bağça hələ də işləmir. Onlar elektrik sobalarının
gətirilməsini gözləyirlər.
Marneuli bələdiyyəsindəki bağçalara 10 elektrik sobası almaq üçün
meriya 24 000 lari xərcləyib.