Birinci Kosalı kəndinə küçələrin işıqlandırılması işlərinin
bitməsinə baxmayaraq, gecə saatlarında kəndin küçələrində hələ də
işıqlar yanmır.
İşıqların yanmaması kənd sakinlərinin narahtçılığına səbəb olur.
Onlar küçəyə çıxdıqları zaman qaranlıq yolda hərəkət etməli
olurlar. Sakinlərin şikayətinə əsaslanaraq Kəpənəkci inzibati ərazi
vahidliyinin icra nümayəndəsi Asif Yüzbaşov ilə əlaqə saxladıq.
“Marneuli” radiosu ilə söhbəti zamanı Yüzbaşov kənddə küçələrin
işıqlandırılıması ilə bağlı olan işlərin yekunlaşdığını
təsdiqlədi.
O, hazırda şirkətin görülən işləri tam şəkildə təhvil verməsini
gözlədiklərini dedi. İcra nümayəndəsinin sözlərinə görə, işıqların
dekabr ayından etibarən yanacağı ehtimal olunur.
Məlumat üçün qeyd edək ki, Birinci Kosalı kəndində küçə işıqlarının
çəkilməsi üçün 2019-cu ilin “Kəndə dəstək proqramı” çərçivəsində 20
000 lari ayrılmışdı.
Marneuli bələdiyyəsində “Kəndə dəstək proqramı 2019”-da nəzərdə
tutulmuş layihələr üçün mərkəzi büdcədən 1 232 000 lari ayrılmışdı.
Bələdiyyə isə müəyyən layihələrin birgə maliyyələşdirilməsi üçün
234 000 lari ayırıb.