"Vəziyyətimiz çox çətindir, dolana bilmirik, başqa işimiz yoxdur" – Marneulili taksi sürücüsü
Gürcüstan-Azərbaycan sərhədində, Qırmızı Körpü yaxınlığında dayanıb müştərilərinin gəlməsini gözləyən taksiləri bu gün də görmək mümkündür.

Sürücülər Qırmızı Körpüyə yaxın məsafədə yerləşən Kirəç Muğanlı, Xancığazlı və Təkəli kəndlərindən gəlir və hər səhər Marneuli, Tbilisi və ya Rustaviyə gedəcək müştəri tapmaq ümidi ilə gözləyirlər.

“Marneuli” radiosu ilə söhbətləri zamanı onlar tək gəlir mənbələrinin taksi fəaliyyəti olduğunu dedilər. Kirəç Muğanlı kənd sakini Alı Qarayev 20 ildir ki, taksi xidməti göstərdiyini deyir. O, sərhədin açıq olduğu vaxtlar sərnişinin çox olduğunu, gündəlik 50-80 lari arası qazancının olduğunu deyir. Lakin bu gün o, həftədə bir dəfə müştəri aparır və cəmi 5-10 lari arası qazanc əldə edir.

“Azərbaycandan gələn müştəriləri götürüb Gürcüstanın hər yerinə aparırdıq. Çörək pulumuzu çıxarıb ailəmizi dolandırırdıq. 10 aya yaxındır ki, yol bağlanıb və gələn yoxdur. Həftədə bir dəfə bir nəfər olar, ya olmaz. Vəziyyətimiz çox çətindir, dolana bilmirik, başqa işimiz yoxdur. Dövlətdən yardım almadıq, sadəcə qaza, işığın ödənişinə kömək etdilər. Bəzən sənədlə gələnlər olur, ya da tır sürücülərindən tır parka gedən olur. 5 manat, 3 manat verirlər, olsa, odur. Sərhəd bağlanmazdan əvvəl yaxşı idi, hamı dolanırdı.”

Qarayevin sözlərinə görə, sərhədlər bağlı olduğu üçün o, Gürcüstandan kənarda yaşayan nəvələrini də aylardır ki, görə bilmir.

Koronavirusun yayılması səbəbi ilə dünyada və eləcə də Gürcüstanda müəyyən qadağalar tətbiq olundu. Bu qadağalardan biri də sərhədlərin bağlanılması idi. Gürcüstan-Azərbaycan sərhədləri 14 mart tarixindən etibarən hər iki ölkənin Baş nazirlərinin qərarı ilə 10 gün müddətinə bağlanıldı. Lakin bu müddət uzadıldı və bu gün, 10 dekabr tarixində də ölkənin sərhədləri bağlıdır.

Print Email
FaceBook Twitter Google