10 aydır ki, Kürtlər kəndində ailə həkimi seçirlər
Marneuli bələdiyyəsinin Kürtlər kəndinə ailə həkimi hələ də təyin olunmayıb.

Bu gün, 10 dekabr tarixində Fövqəladə Halların İdarəolunması və Təxirəsalınmaz Yardımlar Mərkəzindən “Marneuli” radiosuna bildirdilər ki, “qeyd olunan vəzifəyə ərizələrin qəbulu davam edir, ancaq hələ ki, müvafiq kadr seçilməyib.”

Kürtlər ambulatoriyasında demək olar ki, bir ildir ailə həkimi yoxdur. Həkimin olmaması kənddə, hələ ki, pandemiya dövründə bir çox problemə səbəb olub. Ailə həkimi insan sağlamlığında həlledici rol oynayır.

Yerli sakinlər klinikaya getmək üçün arayışı kimdən alacaqlarını bilmirlər. Deyirlər ki, uşağa peyvəndin vurulması da gecikir.

Bu mövzuda “Marneuli” radiosu dəfələrlə material hazırlayıb. Həmçinin, sonuncu material oktyabrda hazırlanmışdı. O zaman bildirmişdilər ki, Kürtlərə ailə həkimi noyabr ayında təyin olunacaq.

Marneuli bələdiyyəsi miqyasında 84 kənd var, onlardan yalnız 13 kənddə ambulatoriya fəaliyyət göstərir, ailə həkimlərinin sayı isə 42 nəfərdir.

"Marneuli" Radiosu
Print