10-cu çağırış Parlamentdə “Gürcü Arzusu”-ndan etnik
Azərbaycanlılardan yalnız iki deputat yer alıb.
Bunlar Marneuli və Qardabanidən majoritar deputat Zaur Darğallı və
proporsional siyahıdan Savalan Mirzəyevdir. Deputatlar namizəd
olduqları vaxt sakinlərlə görüş keçirir, onların problemləri ilə
yaxından maraqlanır və seçkilərdə qalib gələcəkləri təqdirdə
əhalinin problemini həll edəcəklərinə dair vədlər verirdilər.
Bun gün, Marneuli sakinləri ilə sorğu keçirdik. Onların yeni
deputatlardan hansı gözləntilərinin olduğu ilə maraqlandıq.
“Marneuli” radiosu ilə söhbətləri zamanı sakinlər müxtəlif
problemlərin həll olunması kimi gözləntilərinin olduqlarını
bildirdilər. Onlar arasında Marneuli küçələrində səkilərin
qaydasında olmadığından, yağış yağdığı zaman küçələrdə hərəkət
etməyin çətinliyindən, işsizlikdən, sosial yardımın verilməməsindən
və məktəbin təmir olunmasından şikayətlənənlər oldu.
Məlumat üçün qeyd edək ki, 10-cu çağırış Parlamentin ilk
sessiyasında açılışı prezident Salome Zurabişvili edib. Gürcüstanın
müxalifət partiyaları Parlamentdə mandatlarını ictimai formada
dayandırıblar. Deputat mandatı əldə etmiş 8 müxalifət partiyası
Parlament seçkilərinin nəticələrini tanımayıb. Deputat
mandatlarından “Vahid Milli Hərəkat”, “Avropalı Gürcüstan”,
“Quruculuq strategiyası”, “Lelo” və “Leyboristlər Partiyası” imtina
edib. Bu günə qədər iqtidar və müxalifət arasında 4 dəfə danışıqlar
aparılsa da, heç bir nəticə əldə olunmayıb.
Tərəflərin növbəti dialoqunun dekabrın 14-də keçiriləcəyi
gözlənilir. Hazırda Parlament təkpartiyalıdır.